Güləş üzrə Azərbaycan yığma komandaları dünya çempionatına hazırlaşır
Güləş üzrə yığma komandalar sentyabrın 10-dan 18-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatına hazırlaşır.

Sərbəst güləş üzrə millimiz avqustun 21-dən təlim-məşq toplanışına başlayıb. Əsasən taktiki-texniki çalışmaların yer aldığı hazırlıq prosesində Çin, Estoniya, Gürcüstan, İsveçrə, İtaliya və Albaniya yığma komandaları da iştirak edir. Qarşıdakı günlərdə isə Fransa millisi bu toplanışa qoşulacaq. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə Olimpiya Güləş Mərkəzində keçirilən məşqlər sentyabrın 11-dək davam edəcək.

Yunan-Roma güləşi üzrə millimiz bu gündən təlim-məşq toplanışına start verilib. Çinin müvafiq komandası ilə birgə baş tutan hazırlıq prosesi sentyabrın 7-də yekunlaşacaq. Bu yığmamız da baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyev və Akif Əliyevin rəhbərliyi ilə dünya çempionatına Olimpiya Güləş Mərkəzində hazırlaşır.

Qadınlardan ibarət millimiz avqustun 26-da paytaxtda son məşqini keçib. Komandamız mundiala daha yaxşı hazırlaşmaq üçün Türkiyəyə yollanacaq. İstanbulun Sarıyer bölgəsində yerli komanda ilə birgə təşkil olunacaq təlim-məşq toplanışında baş məşqçi əvəzi Rövşən Umudovun rəhbərliyi altında Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) iştirak edəcək. Avqustun 29-da start götürəcək təlim-məşq toplanışı sentyabrın 10-dək davam edəcək. Komandamız Belqrada İstanbuldan yollanacaq.

Xəbər 252 dəfə oxundu.