“İnter”in daha bir futbolçusu milli komandaya dəvət alıb
Azərbaycan Premyer Liqasında çempionluğu hədəfləyən “İnter”in daha bir futbolçusu milli komandaya dəvət alıb. Bu dəfəki dəvət digərlərindən fərqli olaraq, gözlənilməzliyi ilə seçilir.
Belə ki, bankirlərin yeni isveçrəli transferi Haynts Barmettler Dominkan milli komandasına dəvət alıb. Anası dominkanlı olan mərkəz müdafiəçisi artıq milli komandanın düşərgəsinə yollanıb.
Xəbəri “İnter”in meneceri Səbuhi Səfiyarlı da təsdiq edib: “Yeni transferimiz Haynts Barmettlerin Dominkan milli komandasına dəvət alması ilə bağlı informasiya düzdür. Futbolçu dünən Amerika qitəsinə yola düşüb və komandaya qoşulub”.
Səfiyarlı bildirib ki, onun məsələsi çox müzakirəyə səbəb olub: “Çünki Haynts İsveçrə vətəndaşıdır. O, həm də İsveçrə U-21 və əsas millisinin formasını geyinib. Odur ki, Dominkandan İsveçrənin ali futbol qrumuna məktub göndərib, məsələni razılaşdırıblar və həmin iş FİFA tərəfindən də təsdiqlənib. Futbolçumuzun anası dominkanlıdır və onun bu ölkənin vətəndaşlığını qəbul etməsi də bununla bağlıdır”.
Qeyd edək ki, “Sürix” klubundan transfer olunan Haynts vaxtilə İsveçrənin 21 yaşlılardan ibarət milli komandasına da dəvət alıb.

Xəbər 947 dəfə oxundu.