Problemlərin əyani vəsaiti
Çempionata hərə öz zərbəsini vurur: PFL təqvimlə, klublar hərc-mərcliklə

Milli futbol çempionatında oyun ritmi indi tam dəyişəcək. İlk dəfə Azərbaycan klubu, ən azı, ilin sonuna qədər Avropada da futbol oynayacaq. Elə buna görə də PFL bir daha təqvimə əl gəzdirməli oldu. İlk dəyişikliklər zamanı «Neftçi» pley-offda son oyununu keçirməli idi. Bu vaxt PFL məhz «Neftçi»nin məğlub olması və mübarizəni dayandırması üzərində yeni dəyişikliklərini elan etmişdi. Üstəlik, 17 yaşlı qızların dünya kuboku uğrunda yarışı da bir avaz çaldı. Nəticədə, çempionatın 5-ci turundan sonra da kəm-kəsirlər o qədərdir ki, təqvim və turnir cədvəlinə baxanda, nəyin harada olduğunu, kimin nə vaxt və necə oynadığını heç anlamaq olmur. Bir sözlə, futbol topu kimi, təqvim də o yan-bu yana vurulur. Onu yenidən dəyişdilər, özü də köklü şəkildə. Bir-iki il də belə davam etsə, PFL təqvimi milli komanda, yoxsa klublar üzərində qurmaq üzərində kifayət qədər baş sındırmalı olacaq. Məncə, ən yaxşısı, bundan sonra bütün standartlar və beynəlxalq yarış tələblərinə əməl etməklə, normal təqvim tərtib etməkdir. Belə olduqda, həm boşluqlar olmayacaq, həm də klublar qurbanlar vermədən, normal iş planı ilə çalışa biləcəklər.

5-ci turun ən prinsipial matçı çempionatın iki ən barışmaz komandası arasında oldu. «Neftçi»nin «Xəzər Lənkəran»ı Avroliqa mübarizəsi öncəsi qəbul etməsi oyunun gedişində əksini tapmalı idi. Lakin buna bənzər nəsə görmək mümkün olmadı. Doğrudur, belə turnirlər ərəfəsində bəzən böyük klublar da daxili çempionatda, bir növ, istirahət götürüb, diqqəti Avropa arenasına yönəldirlər. Müəyyən mənada «Neftçi» də bunu etmək istədi. Lakin komandanın köməyinə rəqibin gənc və təcrübəsiz qapıçısı çatdı. Kamran Ağayevin komandadan xaric edilməsi ilə bağlı yaranmış problemlər bu mövsümün başlanğıcı üçün lənkəranlıların budəfəki meydandankənar əməliyyatlarının baş motivinə çevrilib. Hər il bu komanda hər hansı macəra ilə üz-üzə qalır. Nəticədə, o, ən vacib və ən uyğun məqamda - səfərdə prinsipial rəqibdən xal qoparmaq şansını əldən verdi.

Ev sahibləri tarazlığı bərpa edib, hələ bir hesabda irəli də çıxdıqdan sonra «Xəzər Lənkəran»ın hücumlarının ardı-arası kəsilmədi. Lakin nəticəsisizlik, məzmunsuzluq təbii idi. Burada, təkcə, «Neftçi»nin müdafiədə etibarlı oyunu deyil, həm də rəqibin hücum quruculuğundakı problemləri sözünü dedi.

Bu isə transfer bazarında vaxtında bir iş görməyən və gecikən komanda üçün adi haldır. Lakin cənubluların iddialı olduğunu da nəzərə alsaq, bu, strateji kursun böyük səhvidir.

Turun sensasiyası lider və nəhayət ki, bu il çempionluq uğrunda mübarizə aparacağı gözlənilən «Qarabağ»ın AzAL-a böyük hesabla uduzması oldu. Təqvimdə növbəti dəyişikliklə bu qarşılaşmanı evdə deyil, səfərdə keçirən qarabağlıların məğlubiyyətini əvvəldən zənn etmək olmazdı. Hətta hesab 0:2 olanda belə, Ağdam klubu ümidsiz deyildi, hücumlarda idi. Amma komandanın iki vacib oyunçusu – Vaşif Cavadovla Rauf Əliyevin start heyətində olmaması sözünü deyirdi. Məşqçinin onları sonradan meydana daxil etməsi isə vəziyyəti tam bərbad hala saldı. Əslində, məşqçi oyundakı iki aparıcı üzvü dəyişməklə, taktiki səhvə yol verdi. Belə olduqda, «qol ayağı işə düşmüş» «təyyarəçilər» darmadağının təməlini qoydular.

Bu oyun ətrafında çox söz demək olar. Lakin məşqçinin oyunçu qalaqurmalarının səbəbləri bilinmədən, bu barədə müzakirə açmaq düz olmaz. Təsadüf əlamətini də nəzərə alsaq, yəqin, hadisələrin sonrakı axarını gözləmək lazımdır.

Ümumiyyətlə, ötən tur əksər klublar üçün problemlərlə keçdi. «Kəpəz»in ilk qələbəsi «Qəbələ»nin ötən ilin sonunda buraxdığı ən böyük səhvi, əvvəllər də qeyd etdiyimiz kimi, baş məşqçi ilə bağlıdır. İddialı olmaq istəyən klubun seçimi başqa cür olmalı idi. Sükançının oyun quruculuğundakı yanlışlıqları bu gün meydanda müdafiə ilə hücum arasında kəskin təzadların aşkar görünməsi ilə nəticələnib. Ötən il də eyni problemlər yaranırdı. Lakin komanda bu məqamlarda potensialı hesabına nəyəsə nail olurdu. Buraxılan səhvlər təkcə quruculuqda deyil, həm də meydanda vəzifə və oyun bölgüsündədir. Demək, ən azı, ötən tur klub futbol oynamadı, sadəcə, meydanda dövrə vurdu.

«Bakı» da eyni problemləri yaşayır. Komandanın məşqçilərlə bağlı yanlış seçim seriyası davam edir. Onun strategiyası əvvəlcədən bilinmədiyindən, bu gün nə oyun var, nə də formalaşmış heyət. Hərçənd klubun potensialı, elə «Qəbələ» kimi, tam fərqli mənzərə təsəvvür etməyə imkan verir. Lakin mövsüm hələ yeni başlanıb və elə buna görə, hər iki klubun sükançılarının vəziyyəti düzəltmək üçün daha bir şansı var.

Digər klublar haqqında da bənzər fikirlər söyləmək olar. «Sumqayıt» ilk baxışda strategiyasını dəyişərək, daha iddialı olmaq isətyir, «Rəvan» elə həminki kimi, məşqçiləri gətirib-yola salır. «Simurq» da, həmçinin həmişəki kimi ikinci plan komandası kimi gündəmdədir. Lakin bu klubların sistem problemi, nə istədiyini bilməməsi, rəhbərliyin konkret kurs seçməməsi ilə yaranmış hərc-mərclik çempionatın ümumi inkişaf və tərəqqi pesrpektivlərinə ağır zərbə vurur.


Xəbər 1429 dəfə oxundu.