ASAPES Sankt-Peterburqun Həkim-Ekspertlərin Təkmilləşdirmə İnstitutu ilə əməkdaşlıq edəcək
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) ilə Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Həkim-Ekspertlərin Təkmilləşdirmə İnstitutu arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.

Tədbirdə ASAPES-in tədris və elmi işlər üzrə prorektoru, tibb elmləri üzrə fəlsəfə doktoru Təhminə Tağı-zadə, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri, mexanika üzrə elmlər doktoru, dosent Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əhmədova və Sankt-Peterburqun Həkim-Ekspertlərin Təkmilləşdirmə İnstitutunun rektoru, tibb elmlər doktoru, dosent Oksana Vladimirova, həmçinin tədris və elmi işlər üzrə prorektoru, pedaqogika üzrə elmlər doktoru professor Yekaterina Loginova və tədris metodiki departamentinin müdiri, dosent Nika Travnikova iştirak ediblər.

2022-2026-cı illəri əhatə edəcək anlaşmaya əsasən, tərəflər dövlətlərarası Elmi-Araşdırma mərkəzləri yaratmaqla kadr hazırlığı, reabilitasiya üzrə mütəxəssislərin peşəkarlığının artırılması, elmi araşdırmalar, tibbi-sosial ekspertiza, təlim və tədris xarakterli tədbirlərin təşkili, ustad dərslərinin keçirilməsi üçün kadr mübadiləsi, həmçinin hər iki tərəfin maraqlarını təmin edən sahələr üzrə informasiya mübadiləsi üzrə əməkdaşlıq edəcəklər.

Xəbər 194 dəfə oxundu.