Cüdo hakimlərinin peşəkarlıq səviyyəsini artırmaq üçün seminar keçirilib
Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri, beynəlxalq dərəcəli “A” kateqoriyalı hakim Mətin Rəhimli tərəfindən ACF-in hakimlər heyəti üçün “Cüdo Klub 2012”də seminar keçirilib.

Seminarda tatamidən çıxışlar, rəqibi itələyərək "işçi zona"dan çıxarılma hallarının araşdırılması, həmçinin “dayvinq” vəziyyəti ilə bağlı hakimlərə məlumat verilib. Eyni zamanda, hansı hallarda cüdoçulara cərimə və ya xəbərdarlıqların verilməli olduğu barədə geniş müzakirələr aparılıb və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Aparıcı hakimlərin iştirak etdiyi seminarda yarışların daha dəqiq və səmərəli idarə edilməsi üçün müxtəlif nəzəri və praktiki məsələlər müzakirə edilib. Seminarda ACF-in Prezidentinin müşaviri Natiq Bağırov iştirak edərək öz tövsiyələrini verib.

Seminarın təşkil olunması hakimlərin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsinə və qarşıdan gələn yerli yarışlara hazırlıq məqsədi daşıyır.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə gələcəkdə də hakimlərin peşəkarlıq səviyyəsinin artırılması ilə əlaqədar bu cür seminarların keçirilməsi nəzərdə tutulub.

Xəbər 300 dəfə oxundu.