Millətlər kubokunda qalib adını qazanmış Lənkəran boks məktəbinin yetirməsinin qarşılanma mərasimi olub
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kubokunda qalib adını qazanmış Lənkəran boks məktəbinin yetirməsinin qarşılanma mərasimi olub.

Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq-Gənclər İnkişaf Mərkəzinin (UGİM) yetirməsi olan Məhəmmədəli Qasımzadə şəhərin girişindəki Qala Qapılarında təntənəli şəkildə qarşılanıb.

Mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, üzərinə tər çiçək dəstələri qoyulub.

Sonra Lənkəran Şəhər Gənclər və İdman İdarəsində görüş keçirilib. Görüşdə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis vəzifəsini icra edən Teymur Babazadə çıxış edərək Prezident, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı ilə ölkədə idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində böyük işlər görüldüyünü diqqətə çatdırıb: “Ölkəmizdə yüksək səviyyədə təşkil olunan beynəlxalq yarışlar, həmçinin idmançılarımızın dünya, Avropa birinciliklərində, Olimpiya Oyunlarında, habelə beynəlxalq yarışlarda qazandıqları parlaq qələbələr Azərbaycanı dünyada əsl idman ölkəsi kimi tanıdır. Lənkəranlı idmançılar da bu qayğıdan ruhlanaraq respublika birinciliklərində və beynəlxalq yarışlarda yüksək nəticələr qazanır, ölkəmizin və rayonumuzun idman şərəfini ləyaqətlə qoruyurlar”.

O, Lənkəran boks məktəbinin yetirməsi M.Qasımzadənin (57 kq) Millətlər kubokunun finalında Arun Tudoroiu (Rumıniya) üzərində 5:0 hesabı ilə inamlı qələbə qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxmasının, bayrağımızı yüksəltməsinin, himnimizi səsləndirməsinin hər bir rayon sakini üçün qürurverici olduğunu söyləyib.

Görüşdə, həmçinin boks üzrə baş məşqçi Nazim Qulamov, UGİM-nin baş məşqçisi və çempionun məşqçi-müəllimi Nurlan Məmmədov, idarənin məşqçi-müəllimi Elnur Hacıyev, idarənin əməkdaşları və idmançılar da iştirak ediblər.

Tədbirdə çıxış edən məşqçilər ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, sonda çempiona fəxri fərman və qiymətli hədiyyə təqdim olunub.

Xəbər 248 dəfə oxundu.