Qurban Qurbanov: Komandanın müdafiə xəttindən razıyam
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın Pilzen şəhərinin "Viktoriya" komandasına qarşı ilk oyunun Bakıda keçirilməsi ilə əlaqədar fikirlərini bildirib.

Baş məşqçi deyib: “İndi futbol elə səviyyəyə gəlib ki, artıq ev-səfər amili yoxdur. Futbolçuların təcrübələri artıb. Üstünlük odur ki, öz meydanında oynadığın zaman azarkeşlər komandanı dəstəkləyir. İlk oyunun üstünlüyü rəqibi daha yaxından tanımaqdır. Son vaxtlar ilk görüşün harada keçirilməsinə önəm vermirik. Çünki istənilən halda hər iki matçda rəqibə qarşı hazırlaşmalısan. Builki mövsümdə nəticələr də göstərir ki, birinci görüşün Bakıda baş tutması bizim üçün faydalı olub və yalnız xırda detallarla fərqlənir”.

Q.Qurbanov “Qarabağ”ın müdafiə xəttinin çıxışı haqqında danışarkən bildirib: “Futbolda çox hücumda olursansa, mütləq müdafiədə boşluqlar yaranır. Bu gün hətta top komandaların oyununda da belə boşluqlar olur. Son vaxtlar keçirilən oyunlarda bu cür qolların buraxılması halları ilə üzləşmişik. Biz çox qapanmaq istəmirik. Çalışırıq ki, oyunu daha çox rəqib meydanında quraq. Əslində daha çox vacib olan stabil nəticədir. Oyunda istənilən futbolçu texniki səhv edə bilər. Komandanın müdafiə xəttindən razıyam. Məni narahat edən hər bir xətdə olan texniki səhvlərdir. Əslində bu, qaçılmazdır. Amma futbolçuların apardığı mübarizə, qarşısındakı hücumçudan çəkinməməsi məni sevindirir. Komandaya yeni müdafiəçi cəlb etmək fikrimiz yoxdur. Əgər Çempionlar Liqasının qrup turnirinə düşə bilsək, orada oynamaq bizim müdafiəçilərin haqqıdır. Onlarin titullu komandalara qarşı oynaması millimiz üçün də faydalıdır. Bütün mövqelərdə legioner futbolçular çıxış etsə, onda yerli futbolçular kənarda qalar. İndi müdafiəçilərimizin inkişaf vaxtıdır. Onların oyunundan razıyam və müdafiəçilərin daha yaxşı oynayacaqlarına inanıram”.

Xəbər 213 dəfə oxundu.