Çexiyalı futbolçu: Bakıya mümkün olan ən yaxşı nəticəni qazanmaq məqsədilə gedirik
Rəqib komandası “Şerif”dən daha yaxşı təşkil olunmuş və keyfiyyətli komandadır. Buna baxmayaraq, mübarizə aparacağıq. Bakıya mümkün olan ən yaxşı nəticəni qazanmaq və qalib olmaq məqsədi gedirik.

Bu sözləri UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" klubunun futbolçusu Yan Sikora deyib.

O Çexiyanın "Slovan" klubunda çıxış etdiyi vaxt Bakıda UEFA Avropa Liqası matçında "Qarabağ"a erkən vurduğu qolu xatırladıb. Belə ki, yarımmüdafiəçi 2016-cı ilin sentyabrın 15-də Mərdəkanda "Dalğa Arena"da təşkil edilmiş Avropa Liqasının qrup matçının 10-cu saniyəsində qol vurmaqla turnirin tarixində ən erkən qol müəllifi olub.

Futbolçu bu barədə danışarkən bildirib ki, Bakıya getməyi səbirsizliklə gözləyir. Çünki bu yerlə bağlı yaxşı xatirələri var: “Həmin vaxt matç heç-heçə başa çatsa da, orada unudulmaz bir nailiyyətə imza atdım. Həmin matçda vurduğum qol hələ də rekordlar kitabındadır və ona görə də mənim üçün həmişə xüsusidir”.

Futbolçu onu da deyib ki, arzularını həyata keçirmək və irəliləmək üçün bu matçda əllərindən gələni edəcəklər.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də start götürəcək.

Xəbər 210 dəfə oxundu.