Boksçularımız Millətlər kubokuna qələbə ilə başlayıb
Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Millətlər kubokuna start verilib.

6-cı dəfə təşkil olunan yarışın ilk günündə Azərbaycan yığmasının 6 idmançısı rinqə çıxıb.

Belə ki, 46 kq çəki dərəcəsində qüvvəsini sınayan Bilal Nəzərov 1/4 final mərhələsi çərçivəsində Nikola Maksimoviçlə (Serbiya) qarşılaşıb. Boksçumuz rəqibinə 5:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Artıq özü üçün bürünc medalı təmin edən Nəzərov ikinci qarşılaşmasında çexiyalı Maksimillian Plaçetka ilə üz-üzə gələcək.

Məhəmmədəli Aşırəliyevin (54 kq) də debütü uğurlu alınıb. O, 1/8 finalda Simon Qloriosodan (İtaliya) güclü olub – 5:0. Aşırəliyev növbəti döyüşündə rumıniyalı Dani Qriqorini sınağa çəkəcək.

Məhəmmədəli Qasımzadə (57 kq) də 1/8 finalda italiyalı boksçu ilə gücünü yoxlayıb. Təmsilçimiz Tisiano Alkiatini 5:0 hesabı ilə məğlub edib. Qasımzadə 1/4 finalda Frank Daniellə (Macarıstan) münasibətinə aydınlıq gətirəcək.

Məhəmməd Quliyev (63 kq) startda bolqarıstanlı Asen Asenovla döyüşüb. 1/8 final çərçivəsində baş tutan gərgin döyüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, 1/4 finalda Qazaxıstan idmançısı Oner Seyilxanla qüvvəsini sınayacaq.

Digər boksçularımızdan Ziya Həsənov (66 kq) Françesko Savaresə (İtaliya), Ayxan Əliyev (70 kq) Radu Simyona (Rumıniya) uduzub.

Qeyd edək ki, yığmamız yarışa 9 boksçu ilə yollanıb. Millətlər kubokunda qaliblərin adları avqustun 14-də bəlli olacaq.

Xəbər 220 dəfə oxundu.