“Neftçi”nin baş məşqçisi: Bu gün “Rapid”lə qarşılaşmada çoxlu qol imkanlarından istifadə edə bilmədik
Oyundan əvvəl planlaşdırdıqlarımızı yerinə yetirə bilmədik. Bu gün çoxlu qol imkanlarından istifadə edə bilmədik. İki sadə epizodda qapımızdan asan top buraxdıq.

Bu barədə UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində səfərdə Avstriyanın “Rapid” klubu ilə qarşılaşan Bakının “Neftçi” komandasının baş məşqçisi Laurentsiu Regekampf matçdan sonra təşkil olunan mətbuat konfransında məlumat verib.

Cavab oyunu barədə danışan baş məşqçisi qeyd edib ki, başımızı dik tutmalıyıq. Çünki matçlarda birlikdə qalib gəlib, birlikdə məğlub oluruq. Futbolda qol imkanlarından yararlanmayanda məğlubiyyətə layiq olursan. Hesab 0:0 olduğu zaman futbolçumuz qapıçı ilə təkbətək çıxdı və qol vura bilmədi. "Rapid" 1:0 hesabı ilə öndə olanda da şansımız oldu.

Jurnalistlərin suallarını cavablandıran baş məşqçi deyib: “Vyanada əlavə vaxt oynamağımız planda yox idi. Görüşdə dəyişiklik etmək üçün futbolçularımız var. Ancaq belə turnirdə oynamaq təcrübələri yoxdur. Bu səbəbdən oynayan futbolçuları daha çox meydanda saxlamağa çalışdım. Azər Salahlını məcburi əvəz etdik. Matça görə daha çox məsuliyyət daşıya biləcək futbolçuları meydanda saxladım. Oyunumuz pis alınmadı, kifayət qədər şanslarımız vardı. "Rapid"in təzyiq edərək qollar vurması isə normal idi. Belə səviyyəli klublarla qarşılaşmalarda komandanın futbolçuları təkbətək qalmaq şansını əldən verirsə və asanlıqla qapısında qol buraxırsa, deməli, növbəti mərhələyə layiq deyil”.

Rumıniyalı mütəxəssis bildirib ki, hakimlər barədə danışmaq mənim işim deyil. Mənim onlarla heç bir problemim yoxdur. Çoxlu epizodlar vardı ki, rəqib oyunçulara sarı vərəqə göstərilməli idi, lakin verilmədi. Baş hakim matçı idarə edə bilmirdi. Amma biz bu gün hakimliyə görə uduzmadıq.

Qeyd edək ki, bir həftə əvvəl Bakıda keçirilmiş ilk qarşılaşmada minimal hesablı üstünlüyü (2:1) Vyanada “Rapid”ə qarşı bugünkü cavab görüşündə qoruya bilməyən “Neftçi” 0:2 hesabı ilə məğlub olaraq avrokuboklarla vidalaşıb.

Xəbər 211 dəfə oxundu.