XII Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar və onların məşqçiləri ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqi
- Əziz dostlar!
- Hörmətli idmançılar!
Mən sizi ürəkdən salamlayıram və Afinada keçirilmiş Paralimpiya Oyunlarında göstərdiyiniz yüksək nəticələr münasibətilə ürəkdən təbrik edirəm.
Biz hamımız sizə azarkeşlik edirdik. Hamımız gözləyirdik ki, idmançılarımız, həmişə olduğu kimi, bu dəfə də Azərbaycanın idman şöhrətini yüksək tutacaqlar, Azərbaycanı ləyaqətlə təmsil edəcəklər. Çox şadıq ki, məhz belə də oldu. İki qızıl, bir gümüş, bir bürünc medalın qazanılması, həqiqətən də, böyük uğurdur, böyük nəticədir. Nəzərə alsaq ki, birinci dəfə bizim paralimpiyaçılarımız 1996-cı ildə iştirak edərkən medal qazana bilməmişlər, 2000-ci ildə iki medal qazanmışlar. İndi isə dörd medalın qazanılması göstərir ki, bu sahədə böyük irəliləyiş, böyük tərəqqi var.
Mən bu münasibətlə Milli Paralimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirmək istəyirəm. Komitə bu müddət ərzində çox səmərəli işləyib, idmançılara yaxşı şərait yaradıb, təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, idmançıların hazırlanması üçün çox böyük işlər görübdür. Bu işlərin nəticəsində belə gözəl nəticə əldə edilibdir. Əlbəttə, idmançıların fədakarlığı, onların iradəsi qələbənin başlıca səbəbidir. Hamımız bilirik ki, fiziki cəhətdən qüsurlu insanların idmanla məşğul olması çox böyük iradə, əzmkarlıq tələb edir. Mən çox şadam ki, görülən bütün bu işlər, göstərilən səylər öz gözəl nəticəsini vermişdir. İdmançıları xüsusilə qeyd etmək istəyirəm. Onların məşqçilərini qeyd etmək istəyirəm ki, Azərbaycana belə böyük bir qələbə bəxş edilmişdir.
Bildiyiniz kimi, ümumiyyətlə, Azərbaycanda idman çox sürətlə inkişaf edir. İdmanın bütün növləri Azərbaycanda geniş yayılır, təbliğ edilir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda çox gözəl nəticələr göstərirlər. Qazanılmış medalların sayının ildən-ilə artması da, əldə edilmiş yüksək nəticələr də deməyə əsas verir ki, Azərbaycanda idman çox inamla inkişaf edir və idmançılarımız doğma Vətənimizi beynəlxalq yarışlarda çox ləyaqətlə təmsil edirlər. Bu, hamımızı sevindirir. Çünki bildiyiniz kimi, müasir dövrdə, müasir dünyada idman hər bir ölkənin ictimai-siyasi həyatında mühüm amilə çevrilibdir, o cümlədən Azərbaycanda da. İdmançılarımızın uğurları bizim hamımızı sevindirir. Eyni zamanda, bu uğurlar ölkənin ümumi potensialını göstərir. Əgər ölkədə işlər yaxşı gedirsə, deməli, idmanda da yaxşı gedir.
Bildiyiniz kimi, bizim ölkəmiz inkişaf edir, qarşıda duran bütün məsələlər, bütün vəzifələr yerinə yetirilir. Ölkə iqtisadiyyatı da güclənir. Sosial məsələlər öz həllini daha sürətlə tapır. Bu meyillər gələcəkdə də davam edəcəkdir. Azərbaycan ildən-ilə daha da qüdrətli, zəngin dövlətə çevriləcəkdir. Əlbəttə, bu ümumi inkişaf Azərbaycanın bütün sahələrinə, o cümlədən idmana da öz təsirini göstərir.
İdmanda son illər ərzində qazanılmış uğurlar deməyə əsas verir ki, bizim əldə etdiyimiz mövqelər gələcəkdə daha da möhkəmlənəcəkdir. Mən çox şadam ki, bizim idman cəmiyyətlərimiz, federasiyalar, idmana rəhbərlik edən bütün qurumlar çox səmərəli işləyir. Mən onların fəaliyyətini çox yüksək qiymətləndirirəm.
Fürsətdən istifadə edib demək istəyirəm ki, avqust ayında Afinada keçirilmiş Olimpiya Oyunlarında da idmançılarımız çox gözəl nəticə göstəriblər. Beş medalın qazanılması çox böyük hadisədir, uğurdur. Hər sahədə bizdə uğur var. Keçən dövrə nisbətən hər sahədə nailiyyətlərimiz daha böyük, daha inamlıdır.
Mən çox sevinirəm ki, bayaq qeyd etdiyim kimi, paralimpiyaçılarımız da yarışlara çox məsuliyyətlə yanaşıblar, çox yaxşı çıxış ediblər, layiqli qələbə qazanıblar. Əminəm ki, bu qələbə onların, Azərbaycanın bütün azarkeşlərinin xatirəsində uzun illər qalacaqdır. Əlbəttə, qazanılmış bu mövqedən yanaşdıqda, siz növbəti yarışlarda bundan da yüksək nəticələri göstərməlisiniz. Hər halda, biz bunu sizdən gözləyirik və əminik, belə də olacaqdır.
Mən bir daha demək istəyirəm ki, fiziki cəhətdən qüsurlu insanlar idmanla məşğul olarkən, əlbəttə, böyük çətinliklər çəkirlər. Bu, böyük fədakarlıq, böyük iradə tələb edir və sözün əsl mənasında, qəhrəmanlıqdır. Azərbaycan Respublikasının Prezidenti kimi, Milli Olimpiya Komitəsinin prezidenti kimi, mən də sizə öz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Ümid edirəm ki, gələcəkdə də biz hamımız vahid bir ailə kimi, vahid komanda kimi Azərbaycanın idman şöhrətini daha da yüksəklərə qaldıracağıq. Bu gözəl qələbə münasibətilə sizi bir daha təbrik edirəm.

6 oktyabr 2004-cü il

Xəbər 1932 dəfə oxundu.