Aqil Ağazadə: İslamiadada əsas hədəfimiz qızıl medal qazanmaqdır
Sudan millisi ilə oyun çox da çətin olmadı. Növbəti rəqiblərimiz daha güclüdür. Hazırlığımızı davam etdiririk və ümid edirəm ki, həmin görüşlərdə də qələbə qazanacağıq.

Bu sözləri V İslam Həmrəyliyi Oyunları çərçivəsində Sudan millisini məğlub edən kişi voleybolçulardan ibarət Azərbaycan yığmasının üzvü Aqil Ağazadə görüşdən sonra jurnalistlərə müsahibəsində deyib.

Voleybolçu bildirib ki, ilk setdə əsas heyətlə çıxaraq rəqibi 25:13 hesabı ilə üstələyiblər. Növbəti setlərdə isə baş məşqçi gənclərə geniş yer verib. “İlk oyunumuz olduğu üçün meydançanı tanımaq və hiss etmək vacib idi. Əvvəlcə qrupdan çıxmağı düşünürük. Əsas hədəfimiz isə qızıl medal qazanmaqdır. Ümid edirəm ki, azarkeşlərimizi sevindirməyi bacaracağıq”, - deyə voleybolçu əlavə edib.

Türkiyənin Konya şəhərində keçirilən Oyunlarda A qrupunda mübarizə aparan yığmamız Sudan seçməsini 3:0 (25:13, 25:20, 25:22) hesabı ilə məğlub edib. Baş məşqçi Pərviz Səmədovun yetirmələri növbəti oyununu avqustun 11-də Kamerun millisinə qarşı keçirəcəklər.

Yığmamız A qrupunda Sudan, Kamerun və Mərakeş seçmələri ilə birgə mübarizə aparır.

Qeyd edək ki, Oyunlarda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq. Azərbaycanın aktivində 1 medal var. Belə ki, atletimiz Anna Skidan çəkicatma yarışlarında bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

Xəbər 327 dəfə oxundu.