Fuad Quliyev: Bölgələrdə stronqmen idman növünə maraq böyükdür
İdman ictimaiyyətinin nümayəndələrini çox yaxşı tanıyır və idmançılarla dostluq edirəm. Həmişə ölkəmizdə idmanın inkişafına dəstək olmağa çalışıram. Sadəcə heç bir federasiya ilə bu əməkdaşlığı rəsmiləşdirməmişdim. Azərbaycan Stronqmen Federasiyasının (ASF) prezidenti Bəxtiyar Quliyev ilə çox gözəl münasibətim var. Federasiyanın vitse-prezident postunu mənə məhz B.Quliyev təklif etdi. O, federasiyaya mütəmadi dəstək olduğumu qeyd edərək bunun rəsmiləşdirilməsini istədi. Etiraf edim ki, təklifi müsbət qarşıladım və çox ürəyimcə oldu. B.Quliyev Azərbaycan idmanında xüsusi çəkiyə malik idman mütəxəssislərindən biridir.

Bu sözləri müsahibəsində ASF-ə yeni vitse-prezident təyin olunan Fuad Quliyev deyib.

Həmişə ASF-in fəaliyyətini yaxından izlədiyini bildirən F.Quliyev diqqətə çatdırıb ki, federasiyanın təşkil etdiyi yarışların səviyyəsi, idmançıların beynəlxalq arenada qazandığı nailiyyətlər mənə olunan təklifi müsbət dəyərləndirməyə imkan verdi. Stronqmen idman növünün kökləri Avropadan gəlir, yeni və baxmlı idman növündür. Azərbaycanda digər federasiyaların nümayəndələri ilə də xoş münasibətim var. Ən çox marağımı ASF çəkdi və federasiyanın vitse-prezidenti seçilməyimə razılıq verdim.

Əvvəllər kikboksinqlə məşğul olduğunu vurğulayan vitse-prezident deyib: “İki dəfə Azərbaycan çempionatının qalibi olmuşam. Həmçinin İdman ustası fəxri adına namizədəm. 2004-cü ildə idmançı karyeramı bitirmişəm. Hazırda həvəskar idmanla məşğul oluram”.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan F.Quliyev qeyd edib ki, Azərbaycan irimiqyaslı idman yarışlarına yüksək səviyyədə ev sahibliyi edir. Belə ki, 2015-ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, 2019-cu ildə UEFA Avropa Liqasının final oyunu, dünya və Avropa çempionatlarının yüksək peşəkarlıqla keçirilməsi, idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlər Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdır. Bunu nəzərə alan beynəlxalq idman qurumları da heç bir tərəddüd etmədən mötəbər yarışların təşkilini ölkəmizə həvalə edirlər. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirlir. Ölkə başçısı idmançıların sosial rifahının yaxşılaşdırılması və onların problemlərinin həlli istiqamətində mühüm qərarlar qəbul edir. Prezident İlham Əliyevin beynəlxalq arenada uğur əldə edən idmançılarla görüşü isə yeni nəslin vətənpərvər ruhda formalaşmasına təkan verir.

Federasiyanın gələcək planları ilə bağlı B.Quliyev ilə görüşlərinin olduğunu diqqətə çatdıran F.Quliyev bildirib: “Avqustun 26-27-də Lənkəranda şəhid Emil Qurbanovun xatirəsinə həsr olunmuş güc idman növləri üzrə turnir təşkil olunacaq. Hazırda bütün gücümüzü bu yarışın təşkilinə yönəltmişik. Turnirdə ən gücülü idmançıların iştirakı nəzərdə tutulub. Sentyabrın 12-18-də İspaniyada “Arnold Classic Europe – 2022” idman festivalı çərçivəsində stronqmen üzrə Avropa çempionatı baş tutacaq. Həmin yarışda idmançılarımızın iştirakının təmin edilməsi qərara alınıb. Ümumiyyətlə federasiya daxilində iclaslarımız olur, müəyyən müzakirələr aparılır və qərarlar qəbul olunur.

“Bölgələrdə idmanın bu növünə maraq böyükdür. Stronqmen güc idman növü olduğu üçün pəhləvanlığa yaxındır. Bu növ paytaxtla yanaşı, bölgələrdə də böyük auditoriya toplayıb. Bölgələrdə inkişafa və kütləviliyə nail olmaq üçün bir çox plan nəzərdə tutulub. Bölgələrdə yetərincə istedadlı gənclərimiz var. Federasiya tərəfindən onlar üçün hər cür şəraitin yaradılması planlaşdırılır. Onları stronqmen idman növünün qaydaları çərçivəsində yarışlara və təlim-məşq toplanışlarına cəlb etmək mümkündür”, - deyə ASF-in vitse-prezidenti əlavə edib.

Mütəmadi olaraq idmançılarla görüşlərin təşkilinin nəzərdə tutulduğunu söyləyən F.Quliyev cari ilin sonunadək ölkəmizdə beynəlxalq turnirin keçirilməsini planlaşdırdıqlarını qeyd edib və idmanın bu növünün ölkəmizdə daha da populyarlaşması istiqamətində işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Xəbər 193 dəfə oxundu.