Yana Batırşina: Azərbaycan gimnastlarının elastik və dinamikliyi onların qazanacaq nailiyyətlərinin göstəricisidir
Bədii gimnastika üzrə Azərbaycan millisi dünyanın ən güclü komandalarından biridir. Komanda gücünü bir neçə ay əvvəl təşkil olunan Avropa çempionatında göstərdi. Belə ki, həmin çempionatda Azərbaycan gimnastları 4 bürünc medala sahib oldular. Bu, çox gözəl nəticədir. Qrup hərəkətləri komandası çıxış etdiyi bütün kateqoriyalar üzrə yarışlarda mükafatçılar sırasında yer almağı bacardı.

Bu sözləri müsahibəsində tanınmış rusiyalı gimnast, beşqat dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, 2019-cu ildə Bakıda keçirilən bədii gimnastika üzrə dünya çempionatının ulduz səfiri olmuş rusiyalı Yana Batırşina deyib.

Azərbaycan komandasının inkişaf etdiyini və düzgün istiqamətdə yönləndiyini vurğulayan titullu gimnast bildirib: “Gimnastlarınız 2017-ci ildə Bakıda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarında uğurla çıxış etmişdilər. Həmin yarışda Azərbaycan gimnastları 5 qızıl medal qazanmışdı. İslamiadada Azərbaycan gimnastları gözəl ənənə formalaşdırıblar. “Bakı-2017”nin qalibi olan Zöhrə Ağamirova hazırda komandanın 1-ci nömrəsidir. Həmin vaxt o komandanın 3-cü nömrəsi idi. Ümid edirəm ki, o həmin uğurunu təkrarlayacaq”.

Bədii gimnastika üzrə yığma komandanın İslam Həmrəyliyi Oyunlarına hazırlığı ilə bağlı yoxlama məşqində yeni istedadlı idmançıların çıxışlarını izlədiyini və onların təqdim etdiyi proqramın uğurlu olduğunu vurğulayan Y.Batırşina qeyd edib ki, İslamiadada çıxış edəcək İlona Zeynalova 4 ildir gimnastika ilə məşğul olur. “Onun çıxışı məni heyran etdi. Bu onun istedadlı olmasından xəbər verir. Həmin gimnastda bir idmançının uğur qazanması üçün lazım olan bütün elementlər var. Alina Gözəlova isə zədəli olmasına baxmayaraq, proqramlarını yüksək peşəkarlıqla yerinə yetirdi. Ümumilikdə Azərbaycan millisinin heyətində yer alan gimnastların hamısı gözəl, elastik, fakturalı və dinamikdirlər. Bütün bunlar gələcəkdə qazanılacaq nailiyyətlərin göstəricisidir”, - deyə Yana Batırşina qeyd edib.

Xəbər 225 dəfə oxundu.