Türkiyədə V İslam Həmrəyliyi Oyunları start verilib
Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları start götürüb.

Azərbaycan idmançılarından mübarizəyə ilk olaraq trek velosipedçilərimiz qoşulublar.

Qadınlar arasında Ayan Xankişiyeva və Viktoriya Sidorenko, kişilər arasında isə Musa Mikayılzadə və Nəcəf Bağırov skretç növündə çıxış ediblər.

Qadınlar arasında 10 kilometr məsafəyə final mübarizəsində qazaxıstanlı Rinata Sultanova qızıl, malayziyalı Nur Asya Məhəmməd Zubir gümüş, özbəkistanlı Sofiya Kərimova bürünc medal qazanıblar. Azərbaycan təmsilçilərindən Ayan Xankişiyeva dördüncü, Viktoriya Sidorenko isə 13-cü olublar.

Kişilərin 15 kilometr məsafəyə final mərhələsində isə Birləşmiş Ərəb Əmirliklərindən Əhməd Əlmənsuri fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İranlı Behman Ariyan ikinci, qazaxıstanlı Alişer Jumakan üçüncü yeri tutublar.

Azərbaycanın kişi velosipedçilərindən Musa Mikayılzadə 14-cü yerlə kifayətlənib, Nəcəf Bağırov isə finişə çatmayıb.

Xatırladaq ki, V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 min 200 idmançı yarışacaq. Açılış mərasimi avqustun 9-da olacaq. Avqustun 18-dək davam edəcək yarışda Azərbaycanı ümumilikdə 281 idmançı təmsil edir.

Xəbər 272 dəfə oxundu.