Anar Allahverdiyev: Karateçilərimiz dünya çempionatında uğurla çıxış etmək əzmindədirlər
Bu ilin mötəbər yarışlarından biri olan yeniyetmə və gənclər arasında dünya çempionatı Türkiyənin Konya şəhərində keçiriləcək. Karateçilərimiz dünya çempionatında uğurla çıxış etmək əzmindədirlər.

Bu fikirləri müsahibəsində yeniyetmə və gənclərdən ibarət yığma komandamızın baş məşqçisi Anar Allahverdiyev bildirib.

O qeyd edib ki, Azərbaycan Milli Karate Federasiyasının təlim-məşq bazasında 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclər arasında yekun seçim mərhələsi keçirilib. Müxtəlif seçim formatlarından istifadə etməklə ayrı-ayrı yaş qrupları və çəki dərəcələri üzrə fərqlənən karateçilər milli komandanın əsas və əvəzedici heyətinə salınıblar. Bu ayın sonunda isə 18-21 yaşadək gənclər arasında da seçim mərhələnin təşkili nəzərdə tutulub.

Baş məşqçi cari ilin ötən ayları ərzində komandamızın beynəlxalq arenalarda təşkil edilən yarışlarda yüksək səviyyədə çıxış etdiklərini deyib: “Çexiyanın Praqa şəhərində keçirilən və mötəbər turnirlərdən biri olan Avropa çempionatında komandamız 3 qızıl, 2 bürünc medal qazanaraq 48 ölkə arasında 4-cü yeri tutdu. Bu nəticəni qənaətbəxş hesab etmək olar. Son illər Avropa çempionatlarında yeniliklər qeydə alınır. Belə ki, son qitə yarışında 5 medaldan 4-ü tam yeni idmançıların payına düşür. Bu, onu göstərir ki, yeni nəsil güclü potensiala malikdir. Bundan əvvəl də belə nəticələrimiz olurdu və artıq nailiyyətlər əldə edən karateçilərimiz böyüklərdə uğurlu çıxışlarını davam etdirirlər.

Qitə yarışında qızıl medala sahib olan Əzim Rahib, Vahid Həsənov, həmçinin bürünc medal əldə edən Fatimə Məmmədova və Aslan Dostuyev ilk dəfə belə böyük nailiyyət qazanıblar. Məsələn, 14-15 yaşlılar arasında favorit idmançı sayılan Əzim Rahib ilk dəfə Avropa çempionu adına layiq görülüb. O, 1 ildən sonra gənclərə keçməlidir. Amma hələ yeniyetmələr arasında dünya birinciliyində və Avropa çempionatında iştirak edəcək. Digər qızıl medalı isə təcrübəli karateçimiz, dünya birinciliyinin gümüş, Avropa çempionatının ikiqat bürünc mükafatçısı Hüseyn Məmmədli əldə edib. Yeniyetmə karateçilərdən Rəşid Süleymanov keçən il Avropa çempionu olub. O da gənclərdən ibarət komandaya keçir. İnanırıq ki, gənclərdə də nəticəsi yaxşı olacaq”.

Gənclərin komandasında perspektivli karateçilərin yer aldığını qeyd edən baş məşqçi onların bəzilərinin böyüklər arasında yarışlarda iştirak etdiklərini bildirib: “Gənclər arasında ikiqat Avropa çempionu Əminağa Quliyev hazırda böyüklərdə 60 kiloqram çəki dərəcəsində 1 nömrəli idmançı sayılır. Digər idmançımız - gənclər arasında Avropa çempionu Fərid Ağayevə də böyük ümidlər bəsləyirik. Fərid mötəbər turnirlərdən biri olan Premyer Liqada gümüş, Əminağa bürünc medal qazanıblar. Premyer Liqa yarışları dünya reytinqində “TOP-100”lüyə daxil idmançılar arasında keçirilir. Onlardan yarışa yalnız 32 idmançı buraxılır. Bu karateçilərin hər ikisi İslam Həmrəyliyi Oyunlarına hazırlaşırlar. Onlarla yanaşı, Ayla Rzazadə (61 kq) də İslamiadada iştirak edəcək. Ümumiyyətlə, yeniyetmələrdən gənclərə, eləcə də gənclərdən böyüklərdən ibarət komandaya keçəcək kifayət qədər ehtiyat qüvvə var. Bu il Türkiyənin Qazientep şəhərində keçirilən Avropa çempionatında gənclər arasında Avropa birinciliyinin gümüş və bürünc medalını qazanan Mədinə Sadıqova (55 kq) üçüncü yeri tutub. O, böyüklər arasında ilk dəfə idi ki, belə mötəbər yarışda iştirak edirdi”.

A.Allahverdiyev gənclərdən ibarət yığmamızın mütəmadi olaraq böyüklərdən ibarət komandada yoldaşlıq görüşləri keçirdiklərini və onlarla birgə məşqlərə qatıldıqlarını da bildirib. O qeyd edib ki, baş məşqçi Qurban Tağıyevin rəhbərliyi altında keçirilən məşqlərdə, eləcə də yoldaşlıq görüşlərində gənc karateçilərimiz də mütəmadi iştirak edərək hazırlıqlarını artırırlar.

Xəbər 337 dəfə oxundu.