Binə Atçılıq Mərkəzində çövkən yarışlarına start verilib
Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə çövkən milli atüstü oyunu üzrə Şuşa kuboku turnirinə start verilib.

6 komandanın iştirakı ilə təşkil olunan yarışlarda ümumilikdə 10 oyun keçiriləcək.

Təşkil olunmuş püşkatmanın nəticələrinə əsasən, komandalar iki qrupa bölünüb. A qrupunda “Sərhədçi Dilbaz”, “Sərhədçi Qarabağ” və “Polad”, B qrupunda isə “Köhlən”, “Omar” və “Buta Qolden” komandaları yer alıb.

Kubokun açılış gününün ilk oyununda “Sərhədçi Dilbaz” komandası rəqibi “Sərhədçi Qarabağ” komandası üzərində 3:2 hesablı qalibiyyət əldə edib.

İkinci görüş isə “Omar” komandasının “Köhlən” komandası qarşısında 3-0 məğlubiyyəti ilə nəticələnib.

Xatırladaq ki, turnirdə avqustun 3-dək qrup oyunları, 4-də yarımfinal, 6-da isə final mərhələləri keçiriləcək. Yarışlar Binə Atçılıq Mərkəzi ərazisində keçirilir.

Xəbər 432 dəfə oxundu.