Azərbaycanı V İslam Həmrəyliyi Oyunlarında 8 paralimpiyaçı təmsil edəcək
Avqustun 2-də Azərbaycan Milli Paralimpiya Komitəsində (AMPK) Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək paralimpiyaçılar ilə görüş olub.

Görüşdə komitənin prezidenti İlqar Rəhimov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Sevda Mirzəyeva, Komitənin icraçı direktoru Eldar Babayev və qurumun digər əməkdaşları iştirak ediblər.

İ.Rəhimov idmançılarımızın bu yarışa ciddi hazırlaşdığını, yerli və beynəlxalq təlim-məşq toplanışlarında, turnirlərdə iştirak etdiklərini diqqətə çatdırıb. O, idmançıların Türkiyədən yüksək nəticələr ilə qayıdacağına əmin olduğunu bildirib. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan komitə prezidenti Paralimpiya hərəkatının inkişafında görülən işləri yüksək qiymətləndirib.

Daha sonra komitə prezidenti idmançıların hazırki fiziki və psixoloji vəziyyəti ilə maraqlanaraq yarışda onlara uğurlar arzulayıb.

V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi idmanın 4 növündə (atletika, üzgüçülük, kamandan oxatma, stolüstü tennis) 8 idmançı təmsil edəcək. Atletlərimizin 5-i kişi və 3-ü qadındır.

Qeyd edək ki, “Konya-2021” V İslam Həmrəyliyi Oyunları avqustun 9-18-də keçiriləcək. Azərbaycan milli Paralimpiya komandası avqustun 8-də Türkiyəyə yola düşəcək.

Xəbər 209 dəfə oxundu.