Azərbaycan velosipedçisi Elçin Əsədov Yahyalı Qran-Prisində dördüncü olub
Türkiyənin “Sakarya BB Pro Team” klubunun heyətində çıxış edən Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının kapitanı Elçin Əsədov qardaş ölkədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Yahyalı Qran-Prisində iştirak edib.

Millimizin kapitanı 118 kilometr məsafəni 2 saat 40 dəqiqə 51 saniyəyə qət edərək yarışı dördüncü sırada başa vurub.

E.Əsədov bu nəticə ilə həm şəxsi, həm də milli komandamızın beynəlxalq reytinq hesabına daha 20 xal əlavə edib.

Yarışda birinci yerə Türkiyənin “Spor Toto” klubunun üzvü Oleksandr Prevar (2:40.36) layiq görülüb.

Qeyd edək ki, Yahyalı Qran-Prisində 6 ölkədən 55 idmançı 10 komandada mübarizə aparıb.

Xəbər 276 dəfə oxundu.