Sərbəst güləş üzrə millimiz İtaliyada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb
Sərbəst güləş üzrə millimiz İtaliyanın paytaxtı Romada keçirilən U-17 dünya çempionatında tarixi uğura imza atıb.

Mundialda 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan yığmamız 122 xalla komanda hesabında dünya üçüncüsü olub. ABŞ 190 xalla birinci, Hindistan isə 126 xalla ikinci yeri tutub.

Beləliklə, millimiz bu yaş qrupunda medalların əyarına görə son 8 ilin, medalların sayına görə isə son 5 ilin ən yaxşı nəticəsinə imza atıb. Toplanan 122 xal isə U-17 dünya çempionatları tarixində sərbəst güləş üzrə yığmamız üçün yeni rekorddur.

Xatırladaq ki, millimizin üzvlərindən Vasif Bağırov (48 kq) və İlyas İsayev (65 kq) qızıl, Bəşir Verdiyev (45 kq) gümüş, Elman Ağayevlə (51 kq) Ağanəzər Novruzov (71 kq) isə bürünc medal qazanıblar.

Xəbər 208 dəfə oxundu.