Ümumdünya Şahmat Olimpiadası: Qadın şahmatçılarımız ikinci turu da maksimum nəticə ilə başa vurublar
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçirilən ikinci turda Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyevadan ibarət qadın yığmamız Finlandiya şahmatçılarını maksimum (4:0) xalla məğlub edərək növbəti qələbəyə imza atıblar. Qeyd edək ki, bundan əvvəl Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasovdan ibarət olan kişi millimiz Filippin yığmasına 3:1 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, hər iki komandamız birinci turu da qələbə ilə başa vurub.

Olimpiadada kişilərin yarışında 188, qadınların turnirində isə 162 ölkədən komandalar mübarizə aparır.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

Xəbər 235 dəfə oxundu.