“Neftçi”nin baş məşqçisi: Layiqli qələbə qazandıq
Qələbəni günün sonunadək qeyd etmək lazımdır. Sabahdan isə digər oyunu düşünməliyik. Növbəti rəqibimiz Avstriyanın “Rapid” (Vyana) klubu olacaq. Azarkeşləri xüsusi vurğulamalıyam. Onlar bu gün bizə inanılmaz dəstək oldular.

Bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin “Aris” komandasını qəbul edən Bakının “Neftçi” klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, hər iki komandanı təbrik edirəm. Gözəl oyun oldu. Öz futbolçularımı xüsusilə təbrik edirəm. Layiqli qələbə qazandıq.

“Düşünürəm ki, heyətimiz komplektləşib və yeni transferə ehtiyac yoxdur. Ancaq səviyyəli oyunçu tapa bilsək, güclənə bilərik. Mövqe haqda danışmaq istəmirəm. Çünki bunu desəm, qiymət artımı ola bilər. Bu, rəhbərliyin işidir. Onlar bilirlər ki, nələrdən danışırıq. Udsaq da, uduzsaq da, oyunçu tələb etməyəcəyəm. Bu mənim komandamdır. Bu oyunçuların hər biri ilə işləməyə davam edəcəyəm”, - detə mütəxəssis əlavə edib.

Futbolçuların üzərində böyük təzyiq olduğunu deyən baş məşqçi bildirib: “Kiprdən məğlub qayıtmışdıq. Orada ikinci hissənin əvvəlində yaxşı oyun nümayiş etdirməmişdik. Ancaq deyə bilərəm ki, komandam bu gün göstərdiyi oyundan daha yaxşısına qadirdir”.

L.Regekampf deyib: “Biz “Rapid”i analiz edəcəyik. Avstriya çempionatı Kipr ilə müqayisədə üstündür. Əminəm ki, hər iki oyun çətin olacaq. Avstriyada futbol atmosferinin necə olduğunu bilirəm. Əminəm ki, komandam bu oyunlara daha hazır olacaq”.

Qeyd edək ki, “Neftçi” doğma meydanda Kiprin “Aris” komandasına 3:0 hesabı ilə qalib gəlib. Kiprdə oynanılan ilk matçda isə komandamız rəqibinə 0:2 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə, Bakı təmsilçisi UEFA Konfrans Liqasının üçüncü təsnifat mərhələsinə yüksəlib.

Xəbər 316 dəfə oxundu.