Qurban Qurbanov: Meydanda təkcə oyun yox, yaxşı mübarizə, "Qarabağ"a layiq inamlı futbolçular gördük
Bizə uyğun olmayan rəqibə qarşı oynadıq. Topun havada çox olması bizim üçün xoş deyildi. Amma komandam bunu bacardı. Bütün azərbaycanlıları təbrik edir, "Sürix"ə isə gələcək oyunlarda uğurlar arzu edirəm.

Bu sözləri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrədə "Sürix" komandasının qonağı olan Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında deyib.

Mütəxəssis bildirib ki, bu oyundan və futbolçularımdan çox danışmaq olar. Onları bağrıma basır, hər birini təbrik edirəm. Meydanda təkcə oyun yox, yaxşı mübarizə, "Qarabağ"a layiq inamlı futbolçular gördük. Meydanda güclü kollektiv var idi. Mən hər zaman öz oyunçularımı döyüşçü adlandırıram. Matçın əvvəlində taktiki savaş getsə də, sonradan döyüşə çevrildi.

"Oyunçularıma güvənirdim. Belə matçlar bizi daha da böyüdür. Bəzən uduzsaq belə, məyus olmuram, çünki bu, futbolun maraqlı anlarından biridir. Bu cür anları baş məşqçi, futbolçu kimi yaşamaq lazımdır. Fasilədə futbolçularımın yanında olduğumu dedim və bəzi tapşırıqlarımı verdim. Rəqibin hava ötürmələri zamanı daha diqqətli oynamalı olduğumuzu bildirdim. Maraqlı oldu, böyük təcrübə qazandım", - deyə Q.Qurbanov əlavə edib.

Təcrübəli baş məşqçi rəqiblər arasında fərq qoymadıqlarını vurğulayıb: "Sanki bütün oyunlar pley-off mərhələsində gedir. Yəni, qarşımıza səviyyəli rəqiblər çıxdı. Açığı, III təsnifat mərhələsindəki mümkün rəqiblərimizin oyunlarına baxmamışam. Biz daha çox özümüzü düşünməli, öz oyunumuzu yaxşılaşdırmalıyıq. Xeyirlisi nədirsə, o da olacaq. Açığı, bizim üçün rəqibin kimliyinin bir o qədər fərqi yoxdur".

Qeyd edək ki, Bakıda İsveçrə "Sürix"ini 3:2 hesabı ilə məğlub edən "Qarabağ" səfərdə rəqibi ilə heç-heçə edib (2:2) və mərhələ adlayıb.

Xəbər 286 dəfə oxundu.