"Neftçi"nin baş məşqçisi: Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram
Dönüş yaratmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Həm özümüz, həm də fanatlarımız üçün növbəti mərhələyə adlamağa çalışacağıq.

Bu sözləri UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Kiprin "Aris" komandasını qəbul edəcək Bakının "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Rumıniyalı mütəxəssis bildirib ki, ilk oyunda məğlub olduq. Bu qarşılaşmanı analiz etmişik. Sabah meydana çıxıb hər kəsə birinci matçın təsadüf olduğunu göstərməliyik.

"İlk görüşdə rəqibin və bizim qol şanslarımız oldu. Bir epizodda penaltimiz verilmədi. Hətta "Aris"in mərkəz müdafiəçisi ikinci sarı vərəqəni alaraq meydandan qovulmalı idi. Rəqibin evdə aqressiv çıxış etməsi normaldır. Biz də bunun üçün çalışacağıq. Komandaya güvənirəm. Lazımi nəticə əldə edəcəyimizə inanıram. Bunu sabah görəcəksiniz", - deyə baş məşqçi əlavə edib.

Mütəxəssis start heyəti müəyyənləşdirdiyini deyib: "Bu barədə məlumat verə bilmərəm. Sabah oyunçularımız meydana qələbə üçün çıxacaq. Dolu tribunaların oyunçularımıza müsbət təsir edəcəyini düşünürəm. Sabah fanatlarımızla qələbəni qeyd edəcəyimizə inanıram".

Qeyd edək ki, iyulun 28-də "Bakcell Arena"da oynanılacaq qarşılaşma saat 21:00-da başlayacaq. İlk matçda "Neftçi" rəqibinə 0:2 hesabı ilə uduzub.

Xəbər 196 dəfə oxundu.