Bakının “Avro-2024”ə ev sahibliyi şansı yüksək qiymətləndirilib
Azərbaycan Minifutbol Federasiyasının (AMF) dəvəti ilə ölkəmizə səfər edən Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, qurumun vitse-prezidenti Peter Kralik və Avropa Minifutbol Federasiyasının (EMF) rəhbəri Borislav Aleksandrov Bakıdakı idman kompleksləri ilə tanış olublar.

Milli Gimnastika Arenası, “Sport Plaza Hotel & Apartments”, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, “Baku Crystal Hall” və Bakı Su İdman Sarayını ziyarət edən qonaqlar paytaxtımızın idman infrastrukturunu yüksək qiymətləndirdilər. Sözügedən idman qurğularına məsul şəxslər bu komplekslərdə təşkil olunmuş irimiqyaslı yarışlarla bağlı səfər edən nümayəndə heyətinə geniş məlumat veriblər.

“Avro-2024”ün Bakıda təşkil edilməsi üçün kifayət qədər idman qurğularının mövcudluğunu vurğulayan WMF və EMF rəhbərliyi paytaxtımızın qitə çempionatına ev sahibliyi şansını yüksək qiymətləndirilib.

Sonda qonaqlar Avropa çempionatına ev sahibliyi hüququnun Bakıya həvalə ediləcəyi təqdirdə tədbirin mötəbər səviyyədə keçiriləcəyinə inandıqlarını ifadə ediblər.

Xəbər 304 dəfə oxundu.