Azərbaycanın 3 cüdoçusu Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında finala yüksəlib
Azərbaycanın 3 cüdoçusu Slovakiyanın Banska Bistritsa şəhərində keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında (EYOF) finala yüksəlib.

Turnirdə 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Könül Əliyeva yarımfinalda böyük britaniyalı Samə Şavı məğlub edib. O, qızıl medal uğrunda görüşdə italiyalı İlariya Finestroneni sınağa çəkəcək.

Millimizin digər üzvü Murad Əliyev (55 kq) yarımfinalda türk Tuncay Türkmana qalib gələrək finala adlayıb. Onun həlledici qarşılaşmadakı rəqibi gürcüstanlı Daviti Lomitaşvili olacaq.

Nurlan Kərimli (60 kq) isə finala gedən yolda almaniyalı Floriyan Bökkeri mübarizədən kənarlaşdırıb. Həlledici görüşdə cüdoçumuz niderlandlı Cokhem fan Hartenlə üz-üzə gələcək.

Final qarşılaşmaları Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, festivalda ölkəmizi 12 cüdoçu təmsil edir.

Xəbər 352 dəfə oxundu.