Fərid Qayıbov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının rəhbər şəxsləri ilə görüşüb
İyulun 25-də gənclər və idman naziri Fərid Qayıbov ölkəmizdə səfərdə olan Dünya Minifutbol Federasiyasının (WMF) prezidenti Filip Juda, Avropa Minifutbol Federasiyasının (EMF) prezidenti Borislav Aleksandrov və qurumun vitse-prezidenti Peter Kralik ilə görüşüb.

Gənclər və idman naziri Fərid Qayıbov qonaqlara Azərbaycanda idmançılara göstərilən diqqət və qayğıdan danışıb. Beynəlxalq minifutbol federasiyalarının səfər proqramının Azərbaycan futbolçularına faydalı olacağına əminliyini bildirən nazir qeyd edib ki, ölkəmiz bütün beynəlxalq idman qurumları kimi, bundan sonra minifutbol idman növündə də qarşılıqlı əməkdaşlığa xüsusi önəm verəcək.

Qəbula görə təşəkkür edən qonaqlar Azərbaycanda minifutbol idman növünün inkişafının onlarda xoş təəssürat yaratdığını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda minifutbola göstərilən diqqət və qayğı bir çox ölkələrə nümunə olmalıdır. Gələcəkdə Avropa çempionatının Bakıda təşkil edilməsi məsələsinə də toxunan federasiya rəhbərləri vurğulayıblar ki, Azərbaycan dünyanın ən mötəbər idman yarışlarına uğurla evsahibliyi edib və təşkliatçılıq sahəsində böyük təcrübəsi var.

Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Minifutbol Federasiyasının (AMF) fəxri prezidenti Orxan Məmmədov, federasiyanın prezidenti Taleh Nəsibov, vitse-prezidenti Azər Hüseynov və baş katibi Orxan Hüseynov da iştirak ediblər.

Xəbər 2508 dəfə oxundu.