Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat turnirinin qalibləri mükafatlandırılıb
Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı və “Azərlotereya”nın baş sponsorluğu ilə 22 İyul - Milli Mətbuat Gününə həsr olunan jurnalistlər arasında şahmat turnirinin bağlanış mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov jurnalistləri Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. Azərbaycan Prezidenti İlham Əliyevin həmişə media nümayəndələrinə diqqət göstərdiyini qeyd edən federasiya rəhbəri tariximizə qızıl hərflərlə həkk olunan 44 günlük Vətən müharibəsində medianın fədakarlıqla çalışdığını xatırladıb.

FIDE rəsmisi peşə borcunu yerinə yetirdiyi zaman şəhidlik zirvəsinə ucalan jurnalistlərin qəhrəmanlığından danışıb.

Sonra çıxış edən turnirin baş sponsoru “Azerlotereya”nın marketinq üzrə rəhbəri Sənan Orucov həmişə media layihələrində yaxından iştirak etdiklərini vurğulayıb. Şirkət rəsmisi jurnalistlər arasında yarışın maraqlı idman mübarizəsi şəraitində keçdiyini söyləyərək gələcəkdə də belə layihələrə dəstək olacaqlarını bildirib.

Sonra mükafatlandırma mərasimi başlayıb. Turnirin əzmkar iştirakçısı kimi Bəxtiyar Məcidli və Elmidar Əliyev, yarışda ən erkən qələbənin müəllifi nominasiyasında Ceyhun Əliyev mükafata layiq görülüblər. Yarışın ən həyəcanlı oyunçusu olaraq İlkin Vidadioğlu fərqlənib.

Üçüncü yerin sahibi “Ağ-qara” komandasının üzvləri Sərxan Musalı və İman Məcidova diplomlar, sponsorlar tərəfindən hədiyyələr və pul mükafatı verilib. Mükafatları Gənclər və İdman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov təqdim edib.

Yarışda ikinci olan “FutbolTrend” komandasının üzvləri Faiq Tahirov və Vüqar İmanov diplom, hədiyyələr və pul mükafatına layiq görülüblər. Onlara mükafatları milli komandanın üzvü, üçqat Avropa çempionu Rauf Məmmədov verib.

Media turnirinin qalibi “Goallisimo” komandasının üzvləri Aysel Adıgözəlli və Səddam Laçına diplomar və pul mükafatı təqdim olunub. Qaliblərə eyni zamanda sponsorlar tərəfindən xatirə hədiyyələri təqdim edilib.

Bağlanış mərasimində yarışın təşkilatçılığında göstərdikləri dəstəyə görə “Azerlotereya” və yapon saatı markası “CASIO EDIFICE” nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.

Xəbər 323 dəfə oxundu.