“Neftçi” futbol klubu sponsorluq müqaviləsi imzalayıb
“Neftçi” futbol klubu ilə “Liv Bona Dea Hospital” arasında sponsorluq müqaviləsi imzalanıb.

“Bakcell Arena”nın konfrans zalında keçirilən tədbirdə “Neftçi”nin prezidenti Kamran Quliyev, vitse-prezidenti Elnur Eyvazov, Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev, “Liv Bona Dea Hospital”ın baş direktoru Taner Özbek və baş həkimi Cabir Gülmalıyev iştirak ediblər.

K.Quliyev və T.Özbek çıxış edəndən sonra tərəflər üçillik müqaviləyə imza atıblar.

Sonra KİV nümayəndələrinin sualları cavablandırılıb.

Razılaşmaya əsasən, “Liv Bona Dea Hospital” “Neftçi”nin sağlamlıq sponsoru olacaq, “Neftçi”, “Neftçi-2” və “Neftçi” Futbol Akademiyasının komandalarına ödənişsiz şəkildə müayinə, müalicə, tibbi baxış və s. kimi xidmət göstərəcək, komandaların dərman preparatları ehtiyaclarının qarşılanmasında dəstək verəcək. Əvəzində isə əsas komandanın ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində “Liv Bona Dea Hospital”ın fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. Kluba məxsus “Neftçi TV” və digər sosial media səhifələrində hospitalın da loqosunun yer alacağı paylaşımlar ediləcək və başqa marketinq xidmətləri də göstəriləcək.

Xəbər 310 dəfə oxundu.