“Konya-2021”də su idman növləri üzrə yarışların keçiriləcəyi Olimpiya Üzgüçülük Kompleksinin açılışı olub
Avqustun 9-dan 18-dək Konyada keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarında su idman növləri üzrə yarışların keçiriləcəyi Olimpiya Üzgüçülük Kompleksinin açılışı olub.

Açılış mərasimində Türkiyənin gənclər və idman naziri Mehmet Kasapoğlu, idman ictimaiyyətinin nümayəndələri və könüllülər iştirak ediblər.

Nazir qeyd edib ki, “Konya-2021”in üzgüçülük yarışlarında 36 ölkədən 230-dək idmançı medallar uğrunda mübarizə aparacaq. Paralimpiyaçılar arasında isə 9 ölkədən üzgüçülər yarışa qatılacaq.

İdmançılar “Konya-2021”də atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

Mötəbər yarışa Azərbaycan idmançıları da qatılacaqlar.

İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.

Qeyd edək ki, beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Xəbər 352 dəfə oxundu.