Slovakiyada Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi olub
Slovakiyanın Banska Bıstritsa bölgəsində Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının rəsmi açılış mərasimi olub.

Festivala 33 idmançı ilə qatılan Azərbaycan komandası beşinci sırada parada çıxıb. “SNP Stadium”da keçirilən paradda komandamızın bayraqdarları Qadir Hüseynov (cüdo) və Səkinə Hacızadə (atletika) olublar.

Festivalda 50 ölkədən 13-18 yaş həddində olan 4 minə yaxın yeniyetmə atlet 10 idman növü üzrə iştirak edir.

Paradda iştirak edən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının missiya rəhbəri Vaqif Əliyev yeniyetmə idmançıların böyük ruh yüksəkliyi ilə yarışlara hazırlaşdığını bildirib. Onun sözlərinə görə, Olimpiya fəlsəfəsinin təbliğində, Olimpiya Oyunlarında iştirak və hazırlığın təşkili məsələlərində böyük təcrübəyə malik Azərbaycan Milli Olimpiya Komitəsinin heyəti yeniyetmə idmançıların yarışlarda iştirakı ilə bağlı bütün məsələlərə nəzarət edir.

Festivalın rəsmi bağlanış mərasimi iyulun 30-da keçiriləcək.

Qeyd edək ki, Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin (BOK) himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi var. “Parlamağa hazırıq” devizi altında keçirilən festivalın www.eyof2022.comwww.eyof2022.com ünvanlı rəsmi saytı da fəaliyyət göstərir.

Xəbər 282 dəfə oxundu.