Beşinci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ilk heyət Konyaya gəlib
Avqustun 9-dan 18-dək Türkiyədə keçiriləcək beşinci İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək ilk heyət Konyaya gəlib.

Təlim-məşq toplanışı üçün Konyaya gələn Yəmən milli komandasının aeroportda qarşılanma mərasimi təşkil edilib.

Yəmən milli komandasının heyətində 18 texniki işçi və 34 idmançı yer alıb. Yəmənli atletlər Həmrəylik Oyunlarında qılıncoynatma, cüdo, kamandan oxatma, güləş, taekvondo, karate və ağırlıqqaldırma yarışlarında mübarizə aparacaqlar.

Qeyd edək ki, idmançılar “Konya-2021”də atıcılıq, atletika, basketbol (3x3), velosiped, gimnastika (idman, bədii, aerobika), futbol, qılıncoynatma, güləş, ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, kamandan oxatma, taekvondo, voleybol, üzgüçülük və milli oxçuluq növlərində yarışacaqlar. Paralimpiyaçılar isə atletika, stolüstü tennis, kamandan oxatma, boccia və üzgüçülük yarışlarında güclərini sınayacaqlar.

Mötəbər yarışa Azərbaycan idmançıları da qatılacaqlar.

İdmançılar 483 dəst medal uğrunda mübarizə aparacaqlar. Yarışda ilk səkkiz yeri tutan atletlərə xüsusi sertifikat təqdim olunacaq.

Xatırladaq ki, beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Xəbər 280 dəfə oxundu.