Beynəlxalq Cüdo Federasiyasının akademiyasında məşqçilərin təlimi davam edir
Azərbaycan Cüdo Federasiyası (ACF) və Beynəlxalq Cüdo Federasiyasının (BCF) ilə qurulan qarşılıqlı əməkdaşlıq çərçivəsində martın 7-də BCF-in akademiyasında Azərbaycanın cüdo məşqçiləri üçün təlimlər başlayıb.

Təlim prosesi nəzəri və praktiki hissələrdən ibarətdir. Belə ki, iyulun 18-dən 21-dək BCF akademiyasının ekspertləri Mesut Kapan və Kaya Gezeker iştirakı ilə məşqçilərin praktiki imtahana hazırlıq proqramının ikinci mərhələsi keçirilib. M.Kapan 6-cı dan qara kəmər sahibidir. Dördüncü dan qara kəmər sahibi olan K.Gezeker isə BCF akademiyasının səfiri, regional koordinatoru, eyni zamanda, BCF-in Hərbi və polis komissiyasının direktorudur.

Proqramın praktiki hissəsinin birinci mərhələsi ekspertlərin iştirakı ilə cari il mayın 9-da baş tutub. Ekspertlər təlim zamanı cüdo texnikası və fəndlərin təkmilləşdirilməsi məqsədi ilə öz tövsiyələrini və praktiki biliklərini bölüşüblər.

Hazırda Azərbaycanın bütün yaş qrupları üzrə milli yığmalarının məşqçiləri ilə yanaşı, ölkənin müxtəlif rayon və şəhərlərini təmsil edən müxtəlif klublar, cəmiyyətlər və idman təşkilatlarından 79 məşqçi BCF-in akademiyasında təhsil alır. Təlimin yekun imtahanının 2023-cü ilin yanvar ayında keçirilməsi planlaşdırılır.

Təlimi uğurla başa vuran məşqçilər BCF-in müvafiq beynəlxalq sertifikatı ilə təltif olunacaqlar.

Xəbər 241 dəfə oxundu.