Şəfəq Hüseynli: Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) Milli Mətbuat Günü ərəfəsində idman mətbuatının nümayəndələri üçün “Antidopinq maarifləndirməsində medianın rolu” mövzusunda tədbir keçirib.

Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edərək deyib: “İdman mətbuatı idman sahəsinin ayrılmaz bir hissəsidir. Xüsusilə də ədalətli və təmiz idmanın təbliği baxımından mətbuatın çox geniş imkanları var. AMADA bu məsələdə mətbuatla sıx əməkdaşlıq edir. Bu tədbir də antidopinq maarifləndirməsində medianın rolunun daha da artırılması məqsədi daşıyır”.

AMADA-nın gördüyü işlərlə bağlı media nümayəndələrinə ətraflı məlumat verən Ş.Hüseynli bildirib ki, Azərbaycan idman ölkəsidir. Azərbaycanda bu sahəyə dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Prezident İlham Əliyev ölkədə idmanın kütləviliyinin artırılmasına, sağlam nəslin yetişməsinə və idmançıların beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil etməsinə böyük önəm verir.

İdmanın inkişafının sağlam dəyərlərə əsaslanmasının önəmini xüsusi vurğulayan Agentliyin direktoru deyib ki, bunun üçün təmiz idman dəyərlərinin təbliği çox vacibdir. Antidopinq maarifləndirməsi AMADA-nın fəaliyyətində dəyişməz prioritetdir. Həyata keçirilən maarifləndirmə proqramı bütün regionları, idmanın müxtəlif növlərini, bütün yaş qruplarını, idmançıların köməkçi heyətini, hətta valideynləri də əhatə edir. Antidopinq maarifləndirmə proqramının həcmi baxımından AMADA dünyada qabaqcıl təşkilatlardan biridir. Təkcə bu ilin altı ayı ərzində idmanın müxtəlif növlərini əhatə edən çoxlu sayda maarifləndirmə tədbirləri keçirilib. Bu tədbirlərdə təxminən 1500 idmançı və onların köməkçi heyəti iştirak edib. Maarifləndirmə tədbirləri paytaxtla yanaşı, regionları da əhatə edir. Belə ki, müxtəlif rayonlardakı idman məktəblərində keçirilən tədbirlərə 500-dən artıq idmançı və onların köməkçi heyəti qatılıb.

“Maarifləndirmə dopinqlə mübarizədə ən effektiv və qabaqlayıcı tədbirlərdən biridir. Bununla bağlı respublika idman federasiyaları ilə də sıx iş aparılır. Maarifləndirmə seminarlarının keçirilməsi, xüsusilə də idmançıların köməkçi heyətinin bu seminarlara cəlb edilməsi ilə bağlı federasiyalara müraciətlər olunur. Bu müraciətlərə mümkün qədər operativ qaydada və müsbət cavab verilməsi vacibdir. Görülən işlərin əsas məqsədi odur ki, ölkədə güclü və sağlam idmançılar yetişsin və onlar ölkəmizi beynəlxalq arenada ləyaqətlə təmsil etsinlər. Ona görə də təmiz idman dəyərləri daim təbliğ edilməlidir”, - deyə Ş.Hüseynli xüsusi vurğulayıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 245 dəfə oxundu.