Rəşad Sadıqov: Komandanın oyuna köklənməsindən çox razıyam
Komandanın oyuna köklənməsindən çox razıyam. İlk oyunda ideal formada olmağımızı düşünmək doğru olmaz. Matça, müsbət nəticəyə köklənmişik

Bunu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsrailin “Makkabi” (Təl-Əviv) komandasını qəbul edəcək Bakının “Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Rəqibdə məşqçi dəyişikliyi baş verdiyini deyən R.Sadıqov bildirib ki, Təl-Əviv təmsilçisinin heyətində zədəli futbolçular var. Bunu bilmək üçün İsrailə səfərim vacib idi. Komandanın oyuna köklənməsindən çox razıyam.

R.Sadıqov “Qarabağ”dan icarəyə götürülən Rüstəm Əhmədzadə barədə də fikirlərini bölüşüb: “O, gənc və perspektivli futbolçudur. “Qarabağ”da hücum xəttində rəqabət böyükdür. R.Əhmədzadə “Qarabağ”a keçməzdən əvvəl də onu transfer etmək istəmişdim. Həmin vaxt menecerləri demişdi ki, Azərbaycanda yalnız “Qarabağ”da oynaya bilər. Futbolçu universal futbolçudur. Mövsüm boyu ondan müxtəlif mövqelərdə, daha çox hücumçu kimi yararlanacağıq. Futbolda hər an problem yaşaya bilərsən. Rüstəmlə söhbətimizdə də pozitiv reaksiya gördüm. Əminəm ki, inadkarlığı və istəyi ilə problem yaşamayacaq, gələcəkdə “Qarabağ”ın aparıcı oyunçusuna çevriləcək”.

“Bir mövsümlük plan cızmışıq. 4-5 transfer etmək istəyirik. Mənim üçün vacib olan əlimizdəki oyunçuların performansıdır. Bu komanda ilə ötən mövsüm uğurlu çıxış etmişik. Bir az da uğurlu olub, kuboku qazana bilərdik. Hazırda transfer danışıqları istədiyimiz kimi getmir. Transferlərin olmaması “Makkabi” ilə oyunlarda hiss olunmaz”, - deyə baş məşqçi əlavə edib.

Qeyd edək ki, “Zirə”-“Makkabi” oyunu iyulun 21-də “Dalğa Arena”da keçiriləcək. Görüş saat 20:00-da başlayacaq.

Xəbər 358 dəfə oxundu.