Mixael Boris: “Qəbələ” fiziki cəhətdən çox güclü komandadır
“Qəbələ” klubunun yoxlama matçlarını yaxından izlədik. Məşqçilərimizi rəqibin oyunlarına göndərmişdik. Daha bir neçə iclasımız oldu. Orada Azərbaycan təmsilçisinin necə oynadığını, nəyə qadir olduğunu müzakirə etdik. Ümumiyyətlə, “Qəbələ” fiziki cəhətdən çox güclü komandadır. Bu oyuna tam hazır olmaq üçün təlim-məşq toplanışında hər şeyi etmişik.

Bunu UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qəbələ” klubunu qəbul edəcək Macarıstanın “Fehervar” komandasının baş məşqçisi Mixael Boris matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Görüşə ciddi hazırlaşdıqlarını deyən mütəxəssis deyib: “Start heyətində əsasən Türkiyənin “Qalatasaray” klubuna qarşı yoxlama matçının ilk hissəsində meydana çıxmış futbolçulara şans verəcəyəm. Amma 2-3 dəyişiklik olacağını da istisna etmirəm”.

Qeyd edək ki, iyulun 21-də “Mol Arena”da oynanılacaq “Fehervar” – “Qəbələ” matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xəbər 289 dəfə oxundu.