Bakıda universal döyüş üzrə peşəkarlar arasında reytinq yarışı keçirilib
Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” peşəkar idman klubunun birgə layihəsi olan peşəkarlar arasında reytinq xarakterli yarış keçirilib.

Yeddi çəki dərəcəsi üzrə keçirilən turnirdə Babək Qəmbədov (55 kq, “Qartal” PİK), Zəfər Abdulrəhmanov (57 kq, Xaçmaz, “Əhməd Fight Club”), Məhəmmədəli Nuruşov (60 kq, “Qartal” PİK, Suraxanı filialı), Miradəm İbrahimov (65 kq, Biləsuvar, “Zəfər” idman klubu), Məhəmməd Məhərrəmov (70 kq, “Qartal” PİK Golden Ring filialı) bütün rəqiblərini məğlub edərək qalib olublar. Qadınlar arasında yarışda isə Nərmin Orucova (42 kq, “Golden Ring” Fight Club) birinci yeri tutub. Turnirin qalibləri, həmçinin növbəti beynəlxalq yarışlara lisenziya əldə ediblər.

Qeyd edək ki, əlbəyaxa döyüş idman növləri dünyada getdikcə populyarlığını artırmaqdadır. Azərbaycanda da bu idman növünə böyük maraq var. Azərbaycan Universal Döyüş Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyəti ölkəmizdə əlbəyaxa döyüş növlərinə marağın artmasını daha da stimullaşdırır. Belə ki, SSRİ İdman ustası, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Azər Həsənovun rəhbərlik etdiyi bu federasiyanın idmançıları, mütəmadi olaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən mötəbər yarış və turnirlərdə qələbələr əldə edirlər.

Onu da bildirək ki, Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihələri çərçivəsində növbəti belə bir tədbirin iyulun 31-də keçiriləcəyi nəzərdə tutulub.

Xəbər 279 dəfə oxundu.