Azərbaycan və Polşa Milli Olimpiya komitələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
İyulun 19-da Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Polşa Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Avropa Parlamentinin üzvü Tomas Parebanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Ç.Hüseynzadə Azərbaycan və Polşa Milli Olimpiya komitələri arasında xüsusi dostluq münasibətlərinin olduğunu qeyd edib. 2023-cü ildə Polşanın Krakov şəhərində keçiriləcək üçüncü Avropa Oyunlarında polşalı həmkarlarına dəstək olmağa hazır olduğunu deyən Ç.Hüseynzadə “Minsk-2019” Avropa Oyunlarında Belarus Milli Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq edərək onlara göstərilən dəstəkdən danışıb.

“Krakov-2023” Avropa Oyunlarında Olimpiadaya verilən lisenziya sayı daha çoxdur. Bu isə o deməkdir ki, Avropanın ən güclü idmançıları bu yarışlarda iştirak edəcək”, - deyən Ç.Hüseynzadə bu amilin Avropa Oyunlarının statusunun artmasına müsbət təsir etdiyini vurğulayıb.

MOK rəsmisi, həmçinin qonaqların gedəcəyi Bakı Olimpiya Stadionu barədə məlumat verib: “Stadion ilk Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinə ev sahibliyi edib. Həmin stadionu görməyiniz bizim üçün də əhəmiyyətlidir”.

Avropa Parlamentinin polşalı deputatı T.Pareba MOK ilə yalnız Avropa Oyunları istiqamətində deyil, ümumilikdə idmanın digər sahələrində də əməkdaşlıq etmək istədiklərini bildirib. Qonaq 2023-cü ildə keçiriləcək Avropa Oyunlarının təqviminə 28 idman növünün daxil edildiyini deyib. Karate, cüdo, çimərlik voleybolu idman növləri ilə yanaşı, brek dans, xizəkli tullanma və digər idman növlərinin Oyunlara fərqlilik qatacağına əminliyini söyləyib. Onun sözlərinə görə, Azərbaycanın ilk Avropa Oyunlarında müəyyənləşdirdiyi standartları davam etdirmək məqsədilə qarşıya qoyulan digər məqsəd isə Olimpiya Oyunlarına daha çox kvalifikasiya verilməsinə nail olmaq idi. T.Pareba Krakovda Olimpiya Oyunları ilə yanaşı, dünya çempionatlarına da kvalifikasiyaya nail olunacağını deyib.

Sonda qonağa MOK-un xüsusi hədiyyəsi təqdim edilib və xatirə fotosu çəkilib.

Xəbər 330 dəfə oxundu.