UEFA Çempionlar Liqası: “Qarabağ” komandası İsveçrəyə üstün yollanacaq
İyulun 19-da UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən görüşdə Ağdamın “Qarabağ” komandası qələbə qazanıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matçda Ağdam təmsilçisinin start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Riçard Almeyda, Marko Yankoviç, Abdullah Zubir, Filip Ozobiç, Kadi Borges, İbrahima Vadji, Marko Veşoviç, Elvin Cəfərquliyev və Kevin Medina yer alıblar.

“Sürix”in heyətində isə meydana Yanik Brexer, Lindrit Kamberi, Adrian Gerrero, Fidan Aliti, Antonio Markesano, Mark Hornşux, Nikola Boraniyaşeviç, Blerim Cemayli, Vilfred Qnonto, Fabian Roner və Mirlind Kryeziu çıxıblar.

Bosniya və Herseqovinadan olan baş hakim İrfan Peljtonun idarə etdiyi oyunda hesabı “Qarabağ” komandası açıb. Matçın 17-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Kadi Borges fərqlənib. On doqquz dəqiqə sonra İbrahima Vadji baxımlı qola imza ataraq “Qarabağ”ı hesabda önə keçirib. Birinci hissə Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.

İkinci hissəyə İsveçrə təmsilçisi daha fəal başlayıb. Qarşılaşmanın 65-ci dəqiqəsində “Sürix”in futbolçusu Lindrit Kamberi hesab arasındakı fərqi azaldıb. Bir dəqiqə sonra “Qarabağ”ın futbolçusu İ.Vadji dubl edib. Qarşılaşmanın 85-ci dəqiqəsində kobud oyuna görə, “Qarabağ”ın qapısına təyin olunmuş penaltini “Sürix”in futbolçusu Mirlind Kryeziu dəqiq yerinə yetirib və bu, matçda vurulan sonuncu qol olub.

Beləliklə, görüş “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" birinci təsnifat mərhələsində Polşa "Lex"ini iki oyunun nəticəsinə əsasən mübarizədən kənarlaşdırıb - 0:1;5:1. “Sürix" isə avrokuboklarda mübarizəyə bu mərhələdən başlayıb.

Cavab oyunu iyulun 27-də İsveçrədə keçiriləcək. “Sürix”i üstələyəcəyi təqdirdə, “Qarabağ” UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Ferentsvaroş” (Macarıstan) – “Slovan” (Bratislava, Slovakiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əks halda, Azərbaycan təmsilçisi Avropa Liqasının eyni raundunda “Linfild” (Şimali İrlandiya) – “Budyo Qlimt” (Norveç) cütünün məğlub komandası ilə görüşəcək.

Xəbər 268 dəfə oxundu.