Yunan-Roma güləşi üzrə Azərbaycan millisi U-15 Avropa çempionatının qalibi olub
Xorvatiyanın paytaxtı Zaqrebdə 15 yaşadək güləşçilər arasında Avropa çempionatına yekun vurulub.

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi tarixi uğura imza atıb.

Millimizin 12 üzvü fəxri kürsüyə qalxıb. Əli Sucayev (38 kq), Turan Daşdəmirov (41 kq), Yusif Əhmədli (57 kq) və Emil Abdullayev (62 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Səyyad Nağızadə (48 kq), Ayxan Cavadov (52 kq) və Orxan Hacıyev (75 kq) ikinci, Əli Nəzərov (41 kq), Əmrah Əmrahov (44 kq), Cavad Məmmədov (62 kq), Elnur Hüseynov (68 kq) və Mikayıl İsmayılov (85 kq) isə üçüncü yeri tutublar.

Dörd qızıl, 3 gümüş və 5 bürünc medal qazanan yığmamız 205 xalla komanda hesabında Avropa çempionu olub. Azərbaycan ikinci pillədə qərarlaşan Türkiyəni 76 xal qabaqlayıb. Ukrayna isə 123 xalla üçüncü yeri tutub. Milli medalların keyfiyyətinə və kəmiyyətinə görə də bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, Zaqrebdə qazanılan nəticə U-15 Avropa çempionatlarında Azərbaycan yunan-Roma güləşi adına həm medalların sayına, həm əyarına, həm də komanda hesabında toplanan xallara görə rekord göstəricidir.

Xəbər 245 dəfə oxundu.