Azərbaycan Şahmat Federasiyasının rəsmiləri beynəlxalq turnirə hazırlıqla bağlı Şuşa şəhərində olublar
Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov, baş katib İlahə Qədimova və digər rəsmi şəxslər ölkəmizin mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.

Səfərdə əsas məqsəd sentyabrda Şuşada təşkil olunacaq şahmat üzrə beynəlxalq turnirin keçirilməsi üçün mövcud şəraitlə tanışlıqdır.

AŞF-nin prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov bildirib ki, Qarabağ xanlığının sonuncu varisi, görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunacaq beynəlxalq turnirin təşkilatı məsələləri üzərində işlər yüksək sürətlə davam edir: “Şuşada ilk beynəlxalq şahmat turniri ilə bağlı işlər plan üzrə davam edir. Təşkilati işlərdə Gənclər və İdman Nazirliyi ilə yanaşı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi də yaxından iştirak edir. Şuşada şahmat yarışının əsl idman bayramı kimi yadda qalacağına ümid edirik. Azərbaycan hər zaman böyük təşkilatçılıqla diqqəti cəlb edib. Şuşa turnirinin tarixi şəhərin adına layiq keçirilməsi üçün bütün zəruri işlər həyata keçiriləcək”.

Qadın və kişi şahmatçılar arasında rapid və blits formatında sentyabrın 21-24-də baş tutacaq Şuşa turnirində Azərbaycanın və dünyanın məşhur şahmatçılarının iştirakı planlaşdırılır. Yarışda iştirak etmək üçün Azərbaycan milli komandasının bütün üzvlərinə dəvət göndəriləcək.

Xəbər 211 dəfə oxundu.