Azərbaycan Velosiped Federasiyasının prezidenti Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüşüb
Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək velosipedçilərimiz və federasiyanın nümayəndə heyəti ilə görüşüb.

AVF-nin İcraiyyə Komitəsinin üzvü Vüqar Salahov və milli komandanın baş məşqçisi Asif Həsənov yarışa hazırlıqla bağlı məlumat veriblər. Qeyd olunub ki, Slovakiyanın Banska Bıstritsa şəhərində keçiriləcək festivalda ölkəmizi şose velosipedi üzrə yeniyetmələrdən ibarət milli komandamızın 6 üzvü təmsil edəcək. Həm fərdi, həm də qrup ötüşməsi növündə mübarizə aparacaq heyətə qızlardan İradə Əbdürəhmanova, Radha Şabanova və Ayan Məmmədzadə, oğlanlardan isə Tural İsrafilov, Ravi Rzayev və Tamerlan Vitovski daxil edilib.

Festivalda idmançılarımız iyulun 26-da fərdi, iki gün sonra isə qrup ötüşməsi növlərində güclərini sınayacaqlar. Fərdi ötüşmə növündə bütün velosipedçilər 8,4, qrup ötüşməsi növündə qızlar 57,8, oğlanlar isə 65,8 kilometr məsafə qət edəcəklər.

Slovakiyaya ümumilikdə 9 nəfərdən ibarət nümayəndə heyəti yollanacaq.

Federasiya prezidentinə idmançıların yarışa hazırlığı, texniki təminatlarının və təhlükəsizliklərinin tam təmin edilməsi ilə bağlı məruzə edilib.

M.Quliyev festivala yollanacaq heyətə müvafiq tövsiyə və tapşırıqlarını verib və onlara uğurlar arzulayıb.

Qeyd edək ki, rəsmi açılışı iyulun 24-də olacaq Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında 50 ölkədən 4 minə yaxın idmançı 10 idman növü üzrə mübarizə aparacaq. Azərbaycan idmançıları festivalda velosiped, yüngül atletika, tennis, üzgüçülük, cüdo, badminton və gimnastika idman növlərində təmsil olunacaqlar.

Xəbər 280 dəfə oxundu.