Qurban Qurbanov: 90 dəqiqə meydanda diqqətli olmalıyıq
“Sürix” ilə oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Bundan maksimum istifadə etmək istədik. Rəqibin matçlarını təhlil etmişik, onların son çempionat oyunundakı hesabı bizi aldada bilər.

Bunu UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində İsveçrənin “Sürix” komandasını qəbul edəcək Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

“Sürix”in fərqli sistemlə çıxış etdiyini bildirən mütəxəssis deyib: “90 dəqiqə meydanda diqqətli olmalıyıq. Rəqibi tam yaxından tanımırıq. İsveçrə çempionuna qarşı mübarizə aparacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialından xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq”.

“Sürix”in baş məşqçisi Franko Foda təcrübəli mütəxəssisdir. O, uzun müddət Avstriya millisinə rəhbərlik edib. Avrokubok oyunları üçün böyük təcrübəyə malikdir. Hiss olunur ki, öz sistemlərindən əl çəkmir. Yeni baş məşqçi komandanı həm 4-lü, həm də 5-li müdafiə sistemində oynadır. Avropadakı klublar gedən oyunçuların yerini doldurmaqda çətinlik çəkmirlər. Aparıcı oyunçuları getməsəydi belə, onlara qarşı inamla çıxış edəcəkdik”, - deyə Q.Qurbanov əlavə edib.

Təcrübəli mütəxəssis komandada arxayınlığın olmayacağını deyib: “Çempionlar Liqasının nə dərəcədə ciddi turnir olduğunu bilirik. Bu, bütün turnirlərdən fərqlənir. Həm gərginlik, həm fiziki, həm psixoloji yorğunluq olur. Çox istərdim ki, futbolçularım sabah əvvəlki oyundan daha yaxşı çıxış etsinlər”.

Q.Qurbanov sabahkı qarşılaşma üçün biletlərin əksəriyyətinin satılmasına da münasibət bildirib: “Bu, azarkeşlərin bizə olan inamını göstərir. Üstünlüyümüz odur ki, Bakıda, doğma fanatlarımızın qarşısında oynayacağıq. Həddindən artıq motivasiya futbolçuya pis təsir edə bilər. Ən böyük narahatlığım da budur. Sabahkı görüşdə şansları bərabər sayıram. Futbolçu azarkeş, kütlə qarşısında böyüyür. Çünki daha istəkli, bacarıqlı, məsuliyyətli olur. Çempionat oyunlarımızda da çoxlu fanatların olmasını istəyirəm. Kütlə qarşısında oynamaq futbolçunun məşqlərə, oyunlara yanaşmasını ciddiləşdirir”.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də İsveçrədə olacaq.

Xəbər 358 dəfə oxundu.