Jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışında finalçılar müəyyənləşib
İdman Araşdırmalar Mərkəzinin (İAM), Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi, Azərbaycan Voleybol Federasiyası (AVF) və “Avrora Group”la birgə təşkil etdiyi 22 İyul - Milli Mətbuat Günü münasibətilə jurnalistlər arasında voleybol üzrə “Zəfər kuboku” yarışında finalçılar müəyyənləşib.

“Zəngilan” və “Kəlbəcər” komandaları arasındakı ilk yarımfinal qarşılaşmasından əvvəl AFV-in baş katibi Fərid Xəlilov, “Murov” voleybol klubunun prezidenti Zaur Musayev və İAM-ın sədri Elşən Məmmədov yarış iştirakçılarını salamlayıb və komandalara uğurlar arzulayıb.

Gərgin idman mübarizəsi şəraitində keçən görüşün ilk setində "Zəngilan" üstün olsa da, "Kəlbəcər" geridönüş etməyi bacarıb - 2:1 (19:25; 25:17; 15:12). Bu qələbə ilə komanda adını finala yazdırıb.

“Şuşa” və “Suqovuşan” komandaları arasındakı ikinci yarımfinal oyunundan əvvəl də fəxri qonaqlar ilk matçla bağlı fikirlərini bölüşüblər. Onlar əvvəlki görüşün maraqlı və gərgin mübarizə şəraitində keçdiyini söyləyiblər.

Günün sonuncu qarşılaşmasında “Şuşa” və “Suqovuşan” komandaları üz-üzə gəliblər. “Şuşa” komandası rəqibini 2:0 (25:17; 25:15) hesabı ilə məğlub edərək, ikinci finalçı olub.

Beləliklə, iyulun 22-də keçiriləcək final görüşündə "Kəlbəcər" və "Şuşa" komandaları üz-üzə gələcəklər.

Qeyd edək ki, “Zəfər kuboku” yarışının baş sponsoru “Avrora Group”, informasiya dəstəkçisi “Report” agentliyidir. Turnirin qalibinə kubok, pul mükafatı və diplomlar veriləcək. Eyni zamanda, yarışın ən yaxşı voleybolçusu pul mükafatı alacaq.


Xəbər 237 dəfə oxundu.