Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında ölkəmizi təmsil edəcək idmançılarla görüş olub
Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüş olub.

Festivalda Azərbaycanı təmsil edəcək idmançılara uğurlar arzulayan komitənin vitse-prezidenti Çingiz Hüseynzadə yarışların əhəmiyyətini vurğulayıb: “Təcrübə onu göstərir ki, əsasən Avropa Yeniyetmələrinin Yay Olimpiya Festivalında fərqlənən idmançılar, daha sonra Olimpiya Oyunlarında da eyni əzmkarlıqla qələbə qazanırlar”.

Festivalın missiya rəhbəri Vaqif Əliyev Slovakiyanın Banska Bıstritsa bölgəsində keçiriləcək mötəbər yarış haqda tədbir iştirakçılarına məlumat verib.

Bildirib ki, festivalda 50 ölkədən 4 minə yaxın 13-18 yaş həddində olan yeniyetmə atlet 10 idman növü üzrə iştirak edəcək. Yarışın rəsmi açılış mərasimi iyulun 24-də, bağlanış mərasimi isə ayın 30-da keçiriləcək. Azərbaycan idmançıları atletika, tennis, üzgüçülük, velosiped, cüdo, badminton, gimnastika idman növlərində güclərini sınayacaqlar.

V.Əliyev Olimpiya kəndinə dair məlumatlarla yanaşı, tibbi xidmət, nəqliyyat və başqa texniki məsələlər haqda tədbir iştirakçılarına məlumat verib.

Daha sonra MOK-un marketinq idarəsinin əməkdaşı Səkinə Vəliyeva Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında “Olimpiya mədəniyyəti və təhsil proqramı” (OCEP) çərçivəsində məktəblilərin iştirakı barədə danışıb. Qeyd olunub ki, OCEP layihəsi çərçivəsində iştirakçılar üçün qurulacaq pavilyonda ölkəmizi Y.Kovalyov adına 229 nömrəli tam orta məktəbin şagirdləri təmsil edəcəklər.

Azərbaycanın Milli Antidopinq Agentliyinin təhsil şöbəsinin müdiri Lalə Hacıyeva isə yeniyetmə idmançılara antidopinq istiqamətində mövcud qaydalardan, həmçinin onların hüquq və vəzifələrindən bəhs edib.

Xəbər 323 dəfə oxundu.