İdman filmləri və proqramları milli televiziya festivalının qalibləri dörd nominasiya üzrə seçiləcək
Ən çox tamaşaçı idman tədbirlərində olur. Olimpiadalar, futbol üzrə dünya çempionatları, Formula 1 yarışları və digər turnirlər dünya üçün maraqlıdır. Televiziya da idmanın təbliği ilə məşğul olur. Həm özü pul qazanır, həm də idmanı təbliğ edir.

Bu sözləri Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) 30 illik yubileyi münasibətilə keçiriləcək idman filmləri və proqramları milli televiziya festivalına həsr olunan mətbuat konfransında qurumun vitse-prezidenti Çingiz Hüseynzadə deyib.

Son 30 ildə ölkəmizdə müxtəlif televiziya kanallarının fəaliyyətə başladığını bildirən Ç.Hüseynzadə deyib: “Müxtəlif federasiyalar, MOK və televiziyaların özü tərəfindən idmana aid filmlər çəkilib. Biz bu festivalı keçirməsək, heç kim təşkil etməyəcək. Bütün telekanallara və jurnalistlərə minnətdaram. Festival uğurlu olsa, gələcəkdə bunu davam etdirəcəyik”.

Tanıtım çarxı nümayiş olunduqdan sonra festivalın baş direktoru Arzu Qulamov göstərilən etimada görə MOK rəhbərliyinə təşəkkür edib: “Festivalın rəsmi saytı artıq fəaliyyətə başlayıb. Burada tədbir haqqında bütün məlumatlar qeyd olunub”.

A.Qulamov sentyabrın sonlarınadək materialların təqdim olunacağını, oktyabrın 1-də isə münsiflər heyətinin işə başlayacağını deyib. Baş direktor oktyabrın sonlarında qaliblərin pul mükafatları ilə təltif olunacaqlarını bildirib.

Festival dövlət başçısı İlham Əliyevin xalqımızın sağlam gələcəyini təmin etmək üçün Azərbaycanda idmanı ümumxalq hərəkatına çevirmək siyasətinin məntiqi davamıdır. Festivala dövlət, özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2020-2022-ci illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər təqdim oluna bilər.

Materiallar festivalın təşkilat komitəsinə sentyabrın 30-dək təqdim edilməlidir. Filmlər, proqramlar, reklam çarxları və musiqili kliplər festivalın təşkilati komitəsinin ünvanına DVD, flaşkart formasında təqdim olunmalı və ya wetransfer.com saytı vasitəsilə festivalın rəsmi elektron poçt qutusuna göndərilməlidir.

Qaliblər “Güclü, iradəli” (idman və idmançılara həsr olunmuş sənədli və bədii filmlər), “Həyat naminə – İdman” (idman haqqında proqramlar və idman yarışlarının nümayişi), idmanı və idmançıları təbliğ edən reklam və promo çarxları, “klip” nominasiyaları üzrə müəyyənləşəcək.

Xəbər 433 dəfə oxundu.