“Araz-Naxçıvan” klubu daha bir braziliyalı futzalçı ilə anlaşıb
“Araz-Naxçıvan” futzal klubu heyətini gücləndirmək istiqamətində çalışmalarını davam etdirir.

UEFA Çempionlar Liqasında elit-raunda vəsiqə qazanmaq istəyən ölkə çempionu bu dəfə Viktor Uqo Piresanı heyətinə qatıb.

İyirmi üç yaşlı braziliyalı hücumçu ötən mövsümü Qazaxıstan çempionatında keçirib. O, “Atırau” klubunun formasını geyinib. Futzalçı artıq UEFA Çempionlar Liqasının oyunlarında da təcrübə toplayıb. Belə ki, o, 2 il əvvəl “Jalqiris”in heyətində qitənin əsas klub yarışında 3 oyun keçirib, 2 qol vurub.

Futzalçı ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Qeyd edək ki, “Araz-Naxçıvan” bunadək Mateus Katatau, Vitao və Rövşən Hüseynli ilə müqavilə imzalayıb. Təmsilçimiz avqustun birinci yarısında hazırlığa başlayacaq, UEFA Çempionlar Liqasında isə meydana oktyabrda çıxacaq.

Xəbər 237 dəfə oxundu.