U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatı başa çatıb
U-23 qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub.

iyulun 12-14-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində keçirilən yarışa 73 klub, cəmiyyət və idman təşkilatından 311 idmançı qatılıb. Çempionat Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunub.

Yarışın sonuncu günündə kişilər 73, 100 və 100 kiloqramdan yuxarı, qadınlar isə 57, 78 və 78 kiloqramdan yuxarı çəki dərəcələrində medallar uğrunda mübarizə aparıblar. Kişilər arasında Rəşid Məmmədəliyev (73 kq), Süleyman Yaqubov (100 kq), Camal Feyziyev (+100 kq), qadınların yarışında isə Nuray Quliyeva (57 kq), Aytəkin Paşazadə (78 kq), Qönçə Cəfərli (+78 kq) birinci yerlərə layiq görülüblər.

Üç gün davam edən yarışda ümumilikdə 14 çəki dərəcəsində medalçılar məlum olub.

Ümumi komanda hesabında medalların sayına görə birinci yerə “Neftçi” İdman Klubu layiq görülüb.

Xəbər 275 dəfə oxundu.