Güləşçilərimiz U-15 Avropa çempionatında güclərini sınayacaqlar
İyulun 16-dan 19-dək Xorvatiyanın Zaqreb şəhərində güləş üzrə U-15 Avropa çempionatı keçiriləcək.

Olimpiya Güləş Mərkəzində qitə birinciliyində ölkəmizi təmsil edəcək heyətlə görüş olub.

Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov milli üzvləri ilə görüşərək onlara uğurlar arzulayıblar, bəzi məsələlərlə bağlı tövsiyələrini çatdırıblar.

Avropa çempionatına qızlar start verəcəklər. Məsul yarışda ölkəmizi Esra Məmmədli (50 kq) və Sofiya Rüstəm (58 kq) təmsil edəcəklər.

Sərbəst güləş üzrə yarışda böyük məşqçi Namiq Quliyev və məşqçi Xəqan Süleymanovun rəhbərliyi altında Kamal Əhmədov, Məhərrəm Rzayev (hər ikisi 38 kq), Həsən Həsənov, Cəfər Cəfərov (hər ikisi 41 kq), Muhəmməd İsmayılov (44 kq), Rəvan Rəhimli, Rihat Cəfərov (hər ikisi 48 kq), Hüseyn Hüseynov (52 kq), Məhəmməd Abbaszadə (62 kq), Şeyxəli Babazadə (75 kq), Səid Paşayev və Fərhad Süleymanlı (hər ikisi 85 kq) mübarizə aparacaqlar.

Yunan-Roma güləşi üzrə yarışda isə böyük məşqçi Əbilfət Məmmədov və məşqçi İlham Vəzirovun rəhbərliyi altında Əli Sucayev (38 kq), Turan Daşdəmirov, Əli Nəzərov (hər ikisi 41 kq), Əmrah Əmrahov (44 kq), Səyyad Nağızadə, Nicat Dadaşov (hər ikisi 48 kq), Ayxan Cavadov (52 kq), Yusif Əhmədli (57 kq), Cavad Məmmədov, Emil Abdullayev (hər ikisi 62 kq), Elnur Hüseynov (68 kq), Orxan Hacıyev (75 kq) və Mikayıl İsmayılov (85 kq) çıxış edəcəklər.

Avropa çempionatının proqramına əsasən, iyulun 16-17-də qadın, 17-18-də sərbəst, 18-19-da isə yunan-Roma güləşi üzrə mübarizə baş tutacaq.

Qeyd edək ki, qitə birinciliyində Xəzər Allahverdiyev, Sevinc Yusibova və Firqət İbrahimov hakim kimi ölkəmizi təmsil edəcəklər. S.Yusibova Azərbaycan güləşi tarixində beynəlxalq yarışda ədaləti qoruyacaq ilk qadın hakim olacaq.

Xəbər 465 dəfə oxundu.