Fövqəladə Hallar Nazirliyinin idmançıları beynəlxalq yarışlarda növbəti uğurlara imza atıblar
Fövqəladə Hallar Nazirliyinin (FHN) idmançıları beynəlxalq arenalarda keçirilən yarışlarda növbəti uğurlara imza atıblar.

Bu ayın əvvəllərində Ruminiyanın Kluj-Napoka şəhərində keçirilən və 32 ölkədən 300-ə yaxın idmançının qüvvəsini sınadığı böyüklər arasında açıq Avropa turnirində FHN-in yığma komandasının və Azərbaycan milli komandasının üzvü Nazir Talıbov (60 kq) parlaq nailiyyət qazanıb. Cüdoçumuz yarışda keçirdiyi bütün qarşılaşmalarda qalib gələrək birinci yeri tutmaqla fəxri kürsünün ən yüksək pilləsinə sahib olublar. Bu idmançımız 2022-ci ilin oktyabrında Bosniya və Herseqovinada keçiriləcək Avropa çempionatında iştirak edəcək.

Qeyd edək ki, cüdo üzrə Azərbaycan milli yığma komandası həmin yarışda altı medal qazanaraq ümumi komanda hesabında birinci yerdə qərarlaşıb.

İyulun əvvəllərində daha bir yarışda - Yunanıstanın Katerini şəhərində Avropa Güləş Federasiyasının təşkilatçılığı ilə çimərlik güləşi üzrə oğlanlar və qızlar arasında keçirilən U-17 Avropa çempionatında idmançılarımız uğurla çıxış ediblər. Belə ki, 18 ölkədən 110-a yaxın idmançının mübarizə apardığı qitə birinciliyində ölkəmizi təmsil edən dörd güləşçi maksimum nəticəyə imza atıb. Onlardan FHN-in güləş üzrə yığma komandasının üzvü Hüseyn Sevdimov 50 kiloqram çəki dərəcəsində beş döyüş keçirərək bütün rəqiblərinə qalib gəlməyi bacarıb. O, fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl medalın sahibi olub. Həmçinin Azərbaycan yığma komandası turnirdə 100 xal toplayaraq Avropa çempionu adına layiq görülüb. Hüseyn Sevdimov 2022-ci ilin sentyabrında Ruminiyada keçiriləcək dünya çempionatında da iştirak edəcək.

Qeyd edək ki, idmançı Nazir Talıbovun şəxsi məşqçisi Elçin İsmayılov, Hüseyn Sevdimovun şəxsi məşqçisi isə FHN-in idman-sağlamlıq klubunun əməkdaşı Namiq Sovdumzadədir.

İyulun 14-də FHN-in İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev yarışlarda uğur qazanmış idmançılar və onların məşqçi-müəllimləri ilə görüşərək qazanılan nailiyyətlərə görə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Xəbər 500 dəfə oxundu.